!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu Prezidentin siyasətinə zidd davranışdır" – Anar Əsədli saxtakarların cəzalandırılmasını tələb edir - FOTO

!Reklam – Yazi

Bu gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olmuş Anar Əsədli 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirib.

Yenicag.az xəbər verir ki, Anar Əsədli seçicilərin, ictimaiyyət və media nümayəndələrinin də qatıldığı mətbuat konfransında ilk əvvəl apardığı təşviqat kampaniyasının gedişatı barədə məlumat verib.

O, bildirib ki, seçkidə iştirakının əsas məqsədi ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlara dəstək vermək və vətəndaşlarda seçkiyə inam yaratmaq olub:

“Təşviqat kampaniyamız çərçivəsində 125 saylı seçki dairəsində seçicilərin əksəriyyətinin seçkiyə çox aqressiv yanaşdığını və inamlarının olmadığını müşahidə edirdim.

Seçki prosesi çərçivəsində müxtəlif psixoloji təzyiqlərlə qarşılaşsaq da, mübarizəmizi davam etdirdik. Bütün gücümüzlə çalışırdıq ki, seçici fəallığı yüksək olsun və insanların inamsızlığı aradan qalxsın. Düşünürəm ki, biz bu istəyimizə nail olduq və seçicilərdə seçkiyə inam yarada bildik”.

Daha sonra səsvermə prosesinin gedişinə toxunan Anar Əsədli vurğulayıb ki, günün ikinci yarısından sonra seçki məntəqələrində total saxtakarlığa əl atılıb:

“Səsvermə günü deputatlığa namizəd olaraq, bütün məntəqələri izləməyə çalışdım. Bu zaman bir çox qanun pozuntuları ilə üzləşdim. Saxtakarlığı əks etdirən 102 foto və videofaktı aktlaşdıraraq, elə həmin gün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərdik.

Bizim dairədə icra strukturları, məktəb direktorları, təhsil işçiləri və icra nümayəndələri səsvermə prosesinin şəffaf keçirilməsinə imkan vermədilər. Seçkilər bitdikdən sonra məntəqə seçki komissiyalarının sədrləri yekun protokolları verməkdən imtina etdilər.

Hətta Dairə seçki komissiyasının sədri sistemin çökdüyünü və heç bir iş görə bilməyəcəklərini dedi. Əlbəttə, burada məqsəd protokolların saxtalaşdırılması üçün şərait yaratmaq idi. Bu baxımdan, MSK-ya təqdim etdiyimiz qayda pozuntularına dair faktların araşdırılmasını, məntəqə seçki komissiyalarının sədr və üzvləri barədə cinayət işi açılmasını xahiş edirik”.

Anar Əsaədli 9 fevral seçkilərində ən böyük saxtakarlıqların 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində qeydə alındığını və ona səs verən seçicilərin müxtəlif təhdidlərlə üzləşdiklərini bildirdi. O, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etdi:

“Mənə dəstək olan insanlara qarşı hədə-qorxu gəlmək dövlət başçısının apardığı siyasətə zidd davranışdır. Bu gün xalqın iradəsi tanınmırsa və xalqın seçdiyi namizədlər qalib gəlmirsə, bu, vətən üçün böyük təhlükədir.

Hüquq müstəvisində apardığımız bu mübarizənin ən qısa zamanda nəticəsini görəcəyimizə inanıram. Əks halda, xalqımızın verdiyi hər bir qərara əməl edəcəyik”.

Daha sonra mətbuat konfransına qatılan seçicilər səsvermə prosesində baş verən saxtakarlıqlardan bəhs ediblər. Onlar səsvermənin saxtalaşdırılmış nəticələrinin ləğv olunmasını və gerçək qalibin hüquqlarının bərpası tələbini səsləndiriblər.

Mətbuat konfransında seçicilərlə yanaşı, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Gülşən Şərif
Cavid Qaçayev

COP29

www.yenicag.az

1862
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv