“Bu qadın hansısa qaynaqlarla işləyir”
ABŞ-ın Kennan İnstitutunun əməkdaşı Odri Altştadt deyir ki, Azərbaycan hökumətinin lobbiçilərə xərclədiyi milyonlar əvvəllər səmərə versə də, indi öz əleyhinə işləyir. Bunu əsaslandırmaq lazımdır. Kim xəyanət edib? Harada Azərbaycanın lobbiləri ölkəmizin əleyhinə çıxır? Bunu edənlər Azərbaycan əleyhinə yazan bəzi xaricdən maliyyələşən QHT-lər və ölkəmizə qarşı qərəzli mövqe tutanlardır”.
Yenicag.az xəbər verir ki, bunu azadinform-a açıqlamasında millət vəkili Fəzail İbrahimli ABŞ-ın Kennan İnstitutunun əməkdaşı Odri Altştadtın ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr haqqında fikirlərinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, lobbilərin məhdudlaşdırılmasına gəlincə, onun bir müddət öncə Azərbaycanla bağlı müəyyən fikirləri var idi: “O bir zamanlar SSRİ-ni rejim adlandırırdı, ordan da mövqe tuturdu. İndi isə həmin fikri müstəqil Azərbaycana şamil etmək, düşünürəm ki, xaricdən maliyyələşən QHT-lərin, bəzi öz içimizdə olan cəsusların, ya da ki, onun əhval ruhiyyəsindən irəli gəlir. Təbii ki, bu yanlış yanaşmadır. Azərbaycan tolerant bir ölkə kimi tanınır. Qanunları pozan və onlara tabe olmayan, Azərbaycanın mənafeyini satan, xaricdən maliyyələşən insanlara qarşı bütün dövlətlər kimi, biz də mübarizə aparırıq. ABŞ-da hətta qanunları pozanları güllələyirlər”.
O.Altştadtın 2013-cü il ölkəmizdə keçirilən prezident seçkilərini biabırçılıq adlandırmasına gəlincə isə F.İbrahimli deyib ki, bu hadisə 2 il bundan əvvəl baş verib və bu insan yatıbmış, ya da yuxuda olubmuş: “Bunu mən başa düşmürəm. 2 ildir ki, nəticəni dünya qəbul edir, ABŞ qəbul edir. Artıq dövlət başçımız dünyaya səfərlər edir, protokollar imzalanır, birdən onun yuxusuna girib ki, 2013-cü il prezident seçkiləri biabırçılıq idi. Belə şeylər ədalətli görünmək yox, qeyri-ciddi görünmək təsiri bağışlayır. 2013-cü il qurtarıb. Dövlətimiz 2015-ci ildə yaşayır. Hərənin öz mövqeyi var. Dünya Azərbaycan prezidentini dövlət başçısı kimi qəbul edib, legitim bir hakimiyyət kimi onunla əməkdaşlıq edir. İndi bu necə olur ki, saxta seçilmiş prezident Avropada enerji təhlükəsizliyinə təminat verən bir dövlət başçısıdır? Bu tərəfdən isə bu cür mövqe sərgiləyirlər. Görünür, haradasa bu qadın hansısa qaynaqlarla işləyir. Çünki o Azərbaycana bu prosesdə gəlməyib, iştirak etməyib, köhnə və qərəzli mövqelərə söykənir. Bu isə qeyri-ciddi yanaşmadır”.