“Bizə vurulan maddi və mənəvi ziyanın ödənilməsinə nail olmalıyıq”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın işğalçılıq dövründə ölkəmizə vurduğu maddi və mənəvi zərərin qarşılığında Göyçə, Zəngəzur və Dərələyəzin təzminat kimi Azərbaycana qaytarılması məsələsi barədə fikirlərini səsləndirən politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, işğal dövründə kəndlər və şəhərlər darmadağın edilərək Azərbaycana çox böyük ziyan vurulub.
“İşğaldan azad olunan ərazilərdə demək olar ki, ermənilər daş üstə daş qoymayıb. Bir sözlə həm maddi, həm də mənəvi cəhətdən hər şey məhv olunub. Azərbaycan təbii olaraq bu ziyanın ödənilməsi üçün xarici mütəxəssislər cəlb edərək ziyanın hesablanmasına və beynəlxalq məhkəmə qarşısında təzminat məsələsini qaldırmağa çalışır”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, söhbət ermənilərin Azərbaycana vurduğu 100 milyardlarla dollar zərərdən gedir.
“Məsələnin sülh paketinə salınması isə asan proses deyil. Çünki ermənilərin vurduğu ziyana görə təzminat ödəyəcəklərini vəd etmələri mümkünsüzdür. Qeyri-müəyyən ifadələr işlədilərək, hansısa formada belə bənd hazırlana və hər iki tərəfə aid kimi göstərilə bilər. Belə olan halda tərəflər vurduqları ziyanın ödənilməsi barədə məsələnin qaldırılmasına etiraz etmirlər. Bu sayədə Ermənistan bəlkə də razılıq verər.
Maraqlı məqam isə təzminat olaraq ərazilərin Azərbaycana verilməsi ilə bağlıdır. Ermənistanın öz xoşuna belə addım atması qeyri-mümkündür. Buna baxmayaraq, mütləq bizə vurulan maddi və mənəvi ziyanın ödənilməsinə nail olmalıyıq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az