“…bu uğuru qazana bilməzdik” – Vüsal Məmmədov
Xəbər verdiyimiz kimi, AzVision.az saytı “Qarabağ Üçün Oxu” layihəsinin birinci buraxılışını təqdim edib. “Qarabağ üçün oxu”–məşhur qlobal layihənin (“Playing for Change”) Azərbaycan versiyasıdır. Layihə “Səslərimizi Qarabağ üçün birləşdirək!” şüarı altında həyata keçirilir. İlk buraxılışda 150 peşəkar və həvəskar musiqiçi iştirak edib. Layihə iştirakçıları 3 mahnı ifa ediblər: “Durnalar”, “Qarabağ” və “Yaşa, Azərbaycan”. Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Bu layihə barədə ətraflı məlumat almaq üçün Yenicag.az olaraq layihə rəhbərinə müraciət etdik.
Bizimlə söhbətdə layihə rəhbəri bu istiqamətdə gördükləri və gələcəkdə planlaşdırdıqları işlərə bir aydınlıq gətirdi:
– “Qarabağ Üçün Oxu” – məşhur qlobal layihənin Azərbaycan versiyasıdır. Biz çox istəyirdik ki, həmin layihə siyasətə bulaşdırılmadan, bölgələri əhatə etməklə və yüksək peşəkarlıqla işlənilərək, Azərbaycan dinləyicisinə də təqdim olunsun. Layihə iki məqsədə xidmət etməli idi: Milli Musiqimizin təbliği və Qarabağı hər zaman diqqətdə saxlamaq. Ona görə də, layihə “Səslərimizi Qarabağ üçün Birləşdirək” şüarı ilə ərsəyə gətirildi. Yola bu niyyətlə başladıq. Mənim kiçik qardaşım Rəmal Rəsul peşəkar musiqiçidir. Fikrimi onunla bölüşdüm, o da çox həvəslə razılaşdı. Rəmal qeyri-adi musiqi təfəkkürü olan insandır və layihə üçün həqiqətən də can qoydu. Başqa adamla yəqin ki, bu uğuru qazana bilməzdik. Layihəyə çox böyük sənətkarlar, hətta korifeyimiz Flora xanım Kərimova cəlb olunduğu üçün biz başa düşürdük ki, ortaya çıxan işin statusu və nüfuzu xeyli yüksək olacaq. Elə çalışmalı idik ki, o cür adlara layiq iş ortaya qoyaq. Açığını deyim ki, çox əziyyət çəkdik. Bölgələrə səfərlər xüsusilə çox vaxt və enerji aparırdı. İş ərsəyə gələnə qədər çox əsəb, stress keçirdik, hətta bir dəfə Rəmalla dalaşdıq da. Buna görə çox peşmanam, çünki o, təpədən-dırnağa qədər yaradıcı tipdir, olduqca kövrək naturadır, mənim hərəkətimdən möhkəm incimişdi, hətta depressiyaya düşmüşdü. Böyük qardaşı olduğum üçün heç nə deməmişdi, amma özüm başa düşdüm ki, səhv etmişəm. Sadəcə, axıra yaxın montaj prosesində ortaya çıxan texniki proseslər hamımızın əsəblərini pozmuşdu. Yaradıcı prosesdə də çətinliklər vardı. Məsələ ondadır ki, “Qarabağ” mahnısının gözəl melodiyası və sözləri olsa da, ritm ölçüsü ¾-dür. Bu, loru dillə desəm, toyxana ritmidir, musiqçilər ona “Üç badam, bir qoz” deyirlər. O mahnını fərqli şəkildə aranjman etmək üçün Rəmal ortasına caz improvizasiyası saldı. Və orada saksofondan tara keçidi eşidəndə anladım ki, biz bunu bacarmışıq.
– Layihə nə dərəcədə uğur qazana bildi?
– Layihənin uğurunu görəndə buna qədər olan acıları unutduq. Bir dəstə mövqeyi bəlli adamı çıxmaqla, demək olar ki, hamı bizim ortaya mükəmməl iş qoyduğumuzu deyir. İşə verilən qiymət isə yaradıcı insan üçün ən böyük mükafatdır! Bütün xəbər saytları bu haqda yazdılar, sosial şəbəkələrdə böyük rezonans yarandı.
– Bu istiqamətdə daha hansı addımlar atmağı düşünürsünüz?
– İndi layihəni mümkün qədər daha çox tanıtmağa və təbliğ etməyə çalışırıq. Artıq ikinci buraxılışın üzərində işə başlamışıq, yəqin ki, yaxın günlərdə seçilən mahnılar açıqlanacaq və iştirak etmək istəyənlər üçün kastinq elan olunacaq. Qeyd edim ki, ikinci buraxılış daha çox lirik ovqatda olacaq, üçüncüdə isə yenidən patriot əhvalını gücləndirəcəyik.
Elçin/Yenicag.az