“Ordu şəhərə daxil olduqdan sonra əməliyyat keçirməməlidir. Bunu komendantın göstərişi ilə hərbi polis həyata keçirməlidir. Biz bunu nə Buçada, nə də Xocalıda gördük”.
Bu sözləri Ukraynanın Buça şəhərində baş vermiş qətliamın səbəblərini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Rusiya nəzarətə götürdüyü ərazilərdə komendant postları qursa və daxildə əməliyyatları hərbi polis həyata keçirsəydi, bu görüntülərlə qarışlaşılmazdı:
“Müharibələrdə hücum edən tərəf hər hansı bir şəhər, rayon, yaşayış məntəqəsi ələ keçirəndə komendant postları qurulur və böyük regionlar üçün komendant təyin olunur. Komendant təyin ediləndən sonra onlar əhaliyə işgəncə verməklə yox, yalnız terrorçular, qanunsuz silahlı dəstələr və qalıq silahlı birləşmələrlə mübarizə aparmalıdırlar. Buça şəhərində, ola bilsin, komendant təyin olunub, ancaq nəzarət həyata keçirilməyib. Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına ziddir. Əslində, komendant postları onun üçün təyin olunur ki, şəhərin içərisində nizam-intizam olsun. Komendant idarəçiliyi ilə insanlara işgəncə verilməməli, əskinə, yerli camaata humanitar yardımlar edilməli, əhalinin təhlükəsizliyi təmin olunmalıdır.
Ukrayna müharibəsində biz bunların şahidi olmadıq. Ordu, ümumiyyətlə, mülki insanlarla mübarizə aparmamalıdır. Rusiyanın hərbi polisi var. Hərbi polis yaşayış mənətəqələrində əhalini qorumalıdır. Qanuni vəzifəli şəxslər təyin olunana qədər şəhərin idarə edilməsi, əhalinin təminatı və təhlükəsizliyi birbaşa komendantın üzərinə düşür. Hərbi polis isə birbaşa komendanta tabedir və onlar asayişi qorumalıdırlar.
Rusiya tərəfi Buçadakı görüntülərə görə Ukraynanı ittiham edir, Ukrayna tərəfi Rusiyanı. Hesab edirəm ki, belə vəhşiliklərə dünya birliyi qiymət verməlidir. Cenevrə konvensiyasının tələbləri yerinə yetirilməlidir.
Buçadakı halla Xocalıda da rastlaşmışıq. 366-cı alay Xocalıya daxil oldu, orada soyqırımı törədildi. Xocalıda da alay müdafiə olunan bölmələri zərərsizləşdirdikdən sonra hərbi polisin müşayiəti ilə şəhəri tərk etməli idi. Bu baş vermədi”.
Səxavət Məmməd
www.yenicag.az