“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə erməniləri ifşa etdi. Prezidentin Ermənistan rəhbərliyinin apardığı səhv siyasəti ifşa etməsi bizim hər birimiz üçün örnək və nümunədir”.
Yenicag.az-ın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, Prezidentin addımlarından, çıxışlarından nümunə götürülməlidir:
“Bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq. Ermənistan rəhbərliyi zaman-zaman danışıqların formatına saxta iddialarla çıxış edərək Ermənistan-Azərbaycan münaqişə tərəfləri ilə yanaşı, Qarabağ ermənlərinin “Artsax” deyilən cinayətkar qurumun iştirakını üçüncü tərəf kimi qoyur və danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” olaraq erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq. Ermənilərin saxta iddiasına onların hansısa münaqişə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq. Bu bəyanatdan sonra əminik ki, torpaqların işğaldan azad edilməsi və geri qayıtmağımız üçün zəmin hazırlanır. İnformasiya müharibəsinin getdiyi bütün platformalarda aktiv olmalıyıq”.
www.yenicag.az