Bütün dünyanın gözü ROMADA – Liderlər İtaliyaya TOPLAŞDILAR

media-hightechnic-468x90

 

Şənbə günü Vatikanın məşhur Müqəddəs Pyotr meydanında Papa Fransisklə vida mərasimi keçiriləcək.

Dünyanın 150-dən çox ölkəsindən yüksək vəzifəli şəxslər, o cümlədən kral ailələrinin üzvləri, prezidentlər, baş nazirlər və on minlərlə dindar mərasimdə iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yazıb.

Vida mərasimində ABŞ-nin Donald Tramp da iştirak edəcək. O, Papa Fransisklə miqrasiya siyasəti məsələlərində tez-tez qarşıdurmaya gedib. Papa Fransisk 21 aprel tarixində 88 yaşında insult nəticəsində vəfat edib. Onun ölümü ilə 1,4 milyardlıq Roma-Katolik Kilsəsində uzun müddətdir planlaşdırılan keçid dövrü başlayıb.

Son üç gündə təxminən 250 min insan XVI əsrə aid Müqəddəs Pyotr bazilikasının qəbirsayağı hissəsində yerləşdirilmiş tabutunun qarşısından keçərək Papa ilə vidalaşıb. Vida mərasimi şənbə günü İtaliya saatı ilə səhər saat 10:00-da başlayacaq. Papa Fransiskin tabutu bazilikanın əsas qapısından çıxarılaraq açıq havada keçiriləcək dəfn mərasiminə gətiriləcək. Mərasim zamanı bir tərəfdə yüzlərlə xarici rəsmilər, digər tərəfdə isə qırmızı papaq geymiş yüzlərlə kardinal yer alacaq.

Donald Trampla yanaşı, mərasimdə Argentina, Fransa, Almaniya, İtaliya, Filippin, Polşa və Ukrayna prezidentləri, eləcə də Böyük Britaniya və Yeni Zelandiyanın baş nazirləri iştirak edəcək. Avropanın bir çox kral ailələrinin üzvləri də vida mərasiminə qatılacaqlar.

Vatikanın verdiyi məlumata görə, ümumilikdə 250 min nəfərədək insan mərasimdə iştirak edəcək. Mərasimə 91 yaşlı kardinal Covanni Battista Re rəhbərlik edəcək. Səfərdən bir gün öncə Roma küçələrində çadır quran insanlar mərasimə ilk sıralardan qatılmaq üçün gecəni Vatikanda keçiriblər. Son 13 əsrdə Avropa xaricindən seçilən ilk Papa olan Fransisk 12 illik pontifiklik dövründə Roma-Katolik Kilsəsini islahatlara aparmaq, yoxsulları və cəmiyyətdən təcrid olunmuşları müdafiə etmək, zəngin ölkələri miqrantlara yardım etməyə və iqlim dəyişikliyinə qarşı tədbirlər görməyə çağırmaqla yadda qalıb.

O, vəzifədə olduğu müddətdə, həmçinin dəfn mərasiminin də sadə keçirilməsi ilə bağlı xüsusi tapşırıq verib. Əvvəllər mövcud olan təmtəraqlı dəfn mərasimləri ləğv edilib. Mərasim bu dəfə sadə və təvazökar şəkildə təşkil olunacaq. Məsələn, Papa II İohan Pavelin dəfni 3 saat davam etmişdisə, Papa Fransiskin vida mərasimi cəmi 90 dəqiqə çəkəcək. Fransisk həm də ənənəvi olaraq üç tabutla – kiparis, qurğuşun və palıddan – dəfn olunmaqdan imtina edib. O, sinklə örtülmüş tək taxta tabutda dəfn ediləcək. Tabut ötən gecə möhürlənib və qapanıb.

Bu dəfn mərasimi tarixdə daha bir yeniliklə yadda qalacaq. Papa Fransisk son 100 ildə Vatikandan kənarda dəfn edilən ilk Papa olacaq. O, son məkanı kimi Müqəddəs Mariya Madjore bazilikasını seçib. Bu bazilika Müqəddəs Pyotr kilsəsindən təxminən 4 kilometr uzaqlıqdadır. Papa Fransiskin məzar daşı üzərində sadəcə onun latınca adı – “Franciscus” yazılacaq. Mərmər lövhənin üstündə isə onun boynunda daşıdığı sadə dəmir xaçın reproduksiyası asılacaq.

Dəfn mərasimindən sonra Papa Fransiskin tabutunu daşıyan kortej son dəfə Roma küçələrindən keçəcək və şəhər sakinlərinə onunla vidalaşmaq imkanı veriləcək. İtaliya hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib. Roma üzərində hava məkanını bağlayıb, zenit raketləri və patrul katerləri cəlb edilib. Bu, II İohan Pavelin dəfnindən sonra ölkədə həyata keçirilən ən genişmiqyaslı təhlükəsizlik əməliyyatıdır.

Xatırladaq ki, Fransiskin dəfnindən sonra diqqətlər yeni Papa seçiminə yönələcək. Gizli konklavın mayın 6-dan tez başlanmayacağı gözlənilir. Bu müddət ərzində kardinal seçicilər görüşlər keçirərək kilsənin hazırkı vəziyyətini və problemlərini müzakirə edəcəklər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600