!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çeçen və kürd sindromu: Moskva ilə Ankara 2003-cü ildə nəyi razılaşdırıb?

!Reklam – Yazi

Türkiyə ilə Rusiya arasında münasibətlərin konyukturanın girovuna çevrilməməsinin vacibliyi bildirilir.

Bu barədə Yenicag.ru-ya açıqlamasında Rusiya-Türkiyə münasibətlərini dəyərləndirən rusiyalı politoloq, İslamşünas Rinat Muxametov danışıb:

“Rusiya və Türkiyə prezidentlərinin intensiv görüşləri iki ölkə arasındakı qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatdırıldığını göstərir. Bu münasibətlər son 15 ildə yüksələn xətlə inkişaf edib. Kimlərəsə təəccüblü görünsə də, məhz Türkiyədə elmli islamçıların hakimiyyətə gəlişindən sonra Ankara ilə Moskva ümumi dil tapa bildilər. Burada ilk növbədə iqtisadi əlaqələrin genişləndiyini qeyd etmək olar. Hətta məlum “təyyarə böhranı” da münasibətlərin inkişafını əngəlləyə bilmədi”.

Politoloqun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərdə çeçen və kürd məsələlərinə dair 2002-2003-cü illərdə əldə olunmuş razılaşmalar mühüm yer tutur:

“Bu, 2008-ci ildə meydana gələn Cənubi Osetiya böhranında da davam etdi. Hazırda Türkiyə faktik olaraq, Rusiyanın strateji qaz ixracının əsas hissəsini alır. Moskva, şəxsən Putin, məhz Ərdoğanla razılaşmalar sayəsində beynəlxalq sanksiyaların təsirini azalda bildi.

İki ölkənin rəhbərliyi mövcud şəraitdə əlaqələrin sabit qalması üçün maksimum səy göstərirlər. O baxımdan, aydındır ki, Rusiya-Türkiyə əlaqələri əsasən, iqtisadiyyat, biznes və ticarət üzrə inkişaf edir. Bu zaman həm Türkiyə, həm də Rusiya Qərbin müəyyən təzyiqlərinə tuş gəlir”.

Muxametov əlavə edib ki, mövcud geosiyasi konyuktura Putinlə Ərdoğanın dostluğu üzərində inkişaf edən Rusiya-Türkiyə münasibətlərini daha da möhkəmlədir:

“Kobud çıxsa da deyilməlidir ki, hazırda Rusiya-Türkiyə münasibətlərindən çox, Putin-Ərdoğan tandemindən danışmaq daha düzgün olardı. Bu təməlin möhkəmliyini iki il əvvəlki “təyyarə böhranı” da təsdiqlədi. O zaman bu ölkələr bir günün içində dostluqdan çıxıb, müharibəyə hazır olan düşmənə çevrilmişdilər.

İndi də Türkiyə ilə Rusiya arasında müəyyən fikirayrılıqları qalır – Suriya böhranı, Krım məsələsi, Ukraynadakı vəziyyət və sair. Rusiyada Səid Nursinin əsərləri qadağan olunsa da, Türkiyədə onun fikirlərinə dövlət səviyyəsində istinad olunur. Unutmaq olmaz ki, tarixdə Rusiya ilə Türkiyə arasında iki dəfə qısamüddətli yaxınlaşma dövrü olub: Leninlə Atatürkün dönəmində və Napoleona qarşı mübarizədə…”

Muxametovun fikrincə, Moskva ilə Ankara əvvəllər Peterburq və İstanbul kimi, hər zaman əməkdaşlıqdan çox qarşıdurma vəziyyətində olublar. Bu isə sərt geosiyasi məntiqlə əsaslandırılır:

“Bəli, indi Rusiya-Türkiyə biznes forumu uğurla fəaliyyət göstərir, əməkdaşlığa dair yüksək Şura yaradılıb. Ancaq tarixi problemlər və ziddiyyətlərlə zəngin olan tarixi münasibətləri tək iqtisadiyyat və dövlət aparatının səyləri ilə sabit saxlamaq, inkişaf etdirmək çətindir.

Hazırda Rusiyada Türkiyə ilə bağlı ciddi məlumat boşluğu var, Osmanlı və Türkiyə klassiklərinin əsərləri demək olar ki, tərcümə edilmir. Türkiyədə isə bu sahədə vəziyyət nisbətən yaxşıdır.

O baxımdan, media, mədəniyyət, ekspert təması, elm və təhsil, xalq diplomatiyası vasitəsilə əlaqələri gücləndirmək imkanlarından yararlanmaq lazımdır. Bu olmasa, münasibətlərin həqiqi etimada əsaslanmasını təmin etmək çətindir. Türkiyə ilə Rusiya münasibətləri konyukturanın qurbanı olmamalıdır.

Yeri gəlmişkən, Türkiyənin XX əsrdə Qərb, ABŞ, Avropa ilə əlaqələri göstərir ki, Ankara bu münasibətləri çoxsəviyyəli sistem əsasında qurub. Ona görə də bu münasibətləri kimlərə və hansısa ənələrə görə bir günün içində qırmaq mümkün deyil. Digər tərəfdən, heç tərəflərin də belə bir niyyəti yoxdur”.

COP29

www.yenicag.az

2755
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv