Zəlimxan Məmmədli: “Müəyyən mərkəzlər var ki, onlar yüksələn imicimizə zərbə vurmağa, mübarizə imkanlarımızı məhdudlaşdırmağa çalışırlar”
Dünya Azərbaycanlıları Konqresinin qurultay nümayəndələri arasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də var idi. Yenicag.az olaraq ona bir sıra suallar ünvanladıq.
– Zəlimxan bəy, dünya azərbaycanlıların problemləri nələrdən ibarətdir?
– Azərbaycanın problemləri elə Azərbaycan diasporasının problemləridir. Birinci olaraq, strateji hədəflərimiz tam olaraq müəyyənləşməlidir. Dünya azərbaycanlılarının, türk insanının düşüncəsi buna yönəlməlidir. 50 ildən sonra nə istəyirik, 100 ildən sonra dünya hara gedir və biz harada olacağıq, insanlarımızı ona kodlaşdırmalıyıq. Təəssüf ki, bəzi hallarda bu məsələlərə firqə düşüncəsi ilə baxdığımızdan, məğlub oluruq. Düşmənə qarşı ciddi bir sistem ortaya qoyulmalıdır. İkincisi, milli inkişaf strategiyasının təməlləri çox aydın olmalıdır. Şimali Azərbaycan bir lokomotiv rolunu oynamalıdır. İnsanlarımızı səfərbər edə bilsək, düşünürəm ki, güclü diasporamız ola bilər. Bunun müəyyən nüvələri qoyulub, amma bizə qarşı olanlarla müqayisə etsək, yetərli deyil. Üstünlüyümüz ondan ibarətdir ki, türk toplumuyuq. Türk diasporası vahid bir cameədə birləşərsə, yenmədiyimiz düşmən qalmaz.
– Ümumiyyətlə, 25-50 illik strateji planlardan bəhs edirik, bizim ən azından 5 illik planlarımız varmı?
– Onu da görmürəm. Müstəqillik uğrunda tökülən qanlar müqabilində görəsən insanlarımıza həmin müstəqilliyin üstünlüklərini verə bilmişikmi? Yolu seçməliyik. Azərbaycan demokratiya yolunu seçəcəksə, bunun təməlləri var, bütün güc mərkəzləri o oyun qaydalarına uyğunlaşacaq. Şahsevərlikdən qalma düşüncələrlə gedəcəyiksə, onda ərəb dünya modelini seçəcəyik. Ərəb dünyasının başına gələnləri görürük, yəni bu model də uğursuzdur. Yaxud da gələcəyimizi Avrasiya İttifaqı kimi qurumlarda görürüksə, 200 ildir Azərbaycan türkünü istismar edən bir cinaha girməyi gözə almalıyıq. Yəni, Rusiyanın, ya da İranın ayağı altında qalacağıq. Strateji olaraq yaxın 5 ildə Qarabağ problemini necə həll etməliyik, düşmənlərimizi necə susdura bilərik mövzularında konkret addımlar atılmalıdır. Aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxs kimi bunu bir sistem olaraq görə bilmirəm. Hakimiyyət, müxalifət və bir də ictimai toplum quruluşları var. Onların kordinasiyalı fəaliyyətinin təməlləri nədir? Bu modeldən birinci olaraq tapdığımız DAK modelidir. Diaspora siyasətini hakimiyyətlərin boynuna biçəcəyiksə, uğursuz olacaq, çünki hakimiyyətlər gəldi gedərdi. Cəmiyyətin boynuna biçmək istəyiriksə, onda bura bütün siyasi- ictimai nüfuz qüvvələri və zəngin adamları cəlb etməliyik. Yeri gələndə diaspora quruluşu dövlətin büdcəsindən üstün büdcəyə malik olmalıdır ki, düşmənlərlə rəqabət aparıb onlara yenmək mümkün olsun. O baxımdan yaxın 5 ildə belə bir strateji planı görmürəm.
– DAK İdarə Heyətinin üzvüsünüz və DAK büdcəsinin dövlət büdcəsindən üstün olmasının vacibliyini vurğulayırsınız. Büdcəniz neçə milyarddır?
– Təəssüf ki, DAK-ın büdcəsi yoxdur və bu acılarımızdan biridir. Burada danışıb qətnamələr qəbul edə bilərik. Amma bizim dünya azərbaycanlıları problemimiz var, Kərkük, Dərbənd, Borçalı kimi problemlərimiz var. Ərazilərimizin işğal problemi və onu dəf etmək problemi var. Erməni lobbisinin hiyləgər oyunlarını, tərəfdaş tapmalarını görürük. DAK-ın büdcəsi gerçək olaraq dövlətin büdcəsini aşmalıdır ki, Avropanın mərkəzində bu qitəni idarə edən institutlar, Amerikanı idarə edən senatorlarla güc, beyin mərkəzləri ilə ciddi şəkildə sistem qura bilək. Bütün bunlar da para ilə olur. Yəhudi lobbisi dünyanı idarə edir. Harda bir yarpaq var, onun altından hökmən bir yəhudi çıxmalıdır. Biz isə daxili didişmələrin əsirinə çevrilmişik. Demokratik dünya ilə uzlaşma nöqtələrini düzgün tapmalıyıq. Mənəvi, funksional əməkdaşlıq baxımından Avropa ərazisində olmağımız müsbət haldır. Diaspora siyasəti köklü şəkildə dəyişməlidir. Amerika Senatı, Konqresi, NATO, Pentaqonla işləmək üçün danışa biləcək kadrlarımız yoxdur. İnformasiya məkanında çoxlu boşluqlarımız var. DAK-ın büdcəsi dövlətin büdcəsindən artıq vəsaitə malik olmalıdır ki, Avropa Parlamenti qondarma erməni soyqırımı ilə bağlı axmaq qərar qəbul edə bilməsin. O qərara səsə verənləri susdurma yollarından biri kimi yüksək intelekt, arqumentlərlə zəngin insanlar və arxasında para lazımdır. Qoy hər yarpağı qaldıranda, altından azərbaycanlı çıxsın, niyə yəhudiyə-filan ehtiyac duyaq ki?..
– Rəhmətlik Aydın Məmmədovun gözəl sözü vardı. Deyirdi ki, erməninin biri yüksələndə o birini də dardır ki, yuxarı çıxsın. Amma Azərbaycandan biri yuxarı çıxanda o biriləri aşağıdan dartır ki, onun yerinə çıxsınlar.
– Milli strateji hədəflər olmayanda belə olur. Cəmiyyət və fərdin idealları yoxdursa, o daha çox primitiv şeylərə meyllənir. O baxımdan dövlət və millətin hədəfləri aydın olanda və insanlar ona səfərbər olunanda, sağlam, qürurverici bir rəqabət yaranır. Onda da insanlar bir-birini qaldırır. Əks halda, fərdlərin maraqları qabardıqca, toplumun maraqları arxa planda olanda, maddiyyat savaşında insanlar bir-birinin ayağını çəkir. Millətimiz çox zəngin millətdir. Sadəcə, baş bilənlərimiz, idarə edənlərimiz, idarə etməyə can atanlar ona hədəfi düz göstərməlidir. Toplum qidalanmalı, qidalandıqca qürurlanmalıdır, qürurlandıqca da bir-birini sevməlidir. Sevdikcə bütövləşməlidir. Rəhmətlik Aydın Məmmədovla 1985-ci ildə “Ana dili” birliyində birgə olmuşuq. O uzağı görən adam idi. Dediyim tezislər də onunla müzakirələrdə hasil olan tezislərdir ki, bu milli-genetik quruluşumuzun natamamlığının əlaməti deyil, sadəcə olaraq, milli strateji hədəflərimizi düz müəyyən etməməyin təzahürüdür. Ona da maneə olan qüvvələr kifayət qədərdir. Bütün tərəflərin maraqları təmin olunmadıqca, bu naqilislikləri yaşayacağıq. Kifayət qədər qütbləşmiş cəmiyyətimiz var. Heydər Əliyev və Əbülfəz Elçibəy kimi xarizmatik liderlərin yoxluğundan sonra oyun qaydaları tamam dəyişməli idi. 2003-cü ildə qatı qütbləşmədən imtina ilə bağlı ortaya bir layihə qoydum. Modellər təklif etdim ki, əl verməliyik, görüşməliyik. DAK-da olmağımın fəlsəfəsində də o durur. Burada dəyərli mübarizə insanları var. Bu gün bir zamanlar bu xətti qəbul etməyənlər, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn gəlib bura. Bunu xoşməramlı addım kimi dəyərləndirirəm. Yalnız hakimiyyətdə olan siyasi komandanın ruporu olmalı deyilik. Millətin ruporu olmalıyıq. Müxalifət, iqtidar hədəfə doğru bir yerdə getməlidir. Amma cinahlarımız, maraqlarımız, ideolojimiz ayrıdır. Ölkə içində rəqabət aparaq. Amma ölkə xaricində cinahlarımızı bütövləşdirməliyik. DAK kimi təşkilatlar qütbləri bir araya yığan məkana çevrilməlidir.
– İstərdim ki, Gürcüstan azərbaycanlılarının problemlərindən danışaq. Onların təkcə Gürcüstanda deyil, Azərbaycanda da müəyyən problemləri var.
– Gürcüstan azərbaycanlıları da Azərbaycan dünyasının bir hissəsidir. Təsəvvür edin ki, Gürcüstan obrazlı desək, sürətlə demokratiya qatarı ilə gedir. Hakimiyyət seçki ilə dəyişir. Bizim insanlarımız isə Azərbaycana baxır. Azərbaycanda da bir donuxluq var və bu donuxluq ora da təsir edir. Borçalı və Azərbaycan insanları baxarsan ki, eyni toplumdur. Hətta siyasətə yanaşmaları da eynidir və belədə gedən Gürcüstan qatarından geri qalırlar. Həqiqət budur. Soydaşlarımızın təməl problemləri, siyasi mahiyyət daşıyan bir sıra problemləri var. Sosial-iqtisadi problemlər ötəridir. Azərbaycan da həmin problemləri yaşayır. Toponimlərin bərpa olunmaması siyasi mahiyyət kəsb edən məsələlərdəndir. Toponimlərin dəyişməsi yaddaşın silinməsidir. Ciddi siyasi mahiyyət daşıyan bir məsələ də vaxtilə kəndçinin əlindən alınan torpağın başqalarına verilməsidir. Bu diskriminasiya əlamətidir. Sakaaşvili dönəmində kəndlinin torpağı verildi iş adamlarına. Bu gün də o siyasət davam edir. Milli məktəblərin qorunması məsələsində də problemlər var. Bəzən təklif edirlər ki, gürcü dilini öyrənmək üçün milli məktəbləri bağlamalıyıq. Deməli, biz gürcü cəmiyyətinə inteqrasiya etmək üçün məscidləri bağlayıb, kilsə etməliyik? Milli məktəblərə millətin dik dayanması ocağı kimi baxmalıyıq. Bu üç fundamental məsələdən başqa digər məsələlər ötəridir. İnsanlarımız hakimiyyət istəyirsə, onun uğrunda mübarizə aparmalıdır. Siyasətə girməli, siyasi partiya, rəqabət mühiti yaratmalı, ortalığa platforma qoymalıdırlar. Yoxsa, gürcü səni aparıb filan yerə vəzifəyə qoysun anlayışı artıq bitib. Çünki, siyasi quruluş tam fərqlidir. Siyasətə sevgi ilə yanaşmalıyıq. Siyasətlə məşğul olmasan onun əlində alət olacaqsan. O baxımdan Gürcüstanda siyasi proseslərə soydaşlarımızın müdaxilə cəhdləri var, amma yetərli deyil. Orada soydaşlarımızdan ibarət partiyanın yaradılması ciddi siyasi mübarizə aparmaq üçün ciddi bir meydan açacaqdır. Sadəcə, insanlarımızı o mübarizə metodu ilə hazırlamaq lazımdır.
– Sizin Gürcüstana giriş probleminiz hələ qalmaqdadır?
– Təəssüf ki, bəli. Güclü inkişafdan danışırıqsa, Azərbaycan adlı dövlətin vətəndaşı ilə belə davranmamalıdırlar. Biz dostluq, mədəniyyətlərin yaxınlaşması platformasını ortaya qoyduq. Amma görünür, bəzi gürcülər bunda maraqlı deyil. Ya da maraqlı olmayan başqa qüvvələr var. Burada erməni və Kremlin də izini görürəm. Artıq 7-ci aydır ki, ora buraxılmıram. Azərbaycan hakimiyyətindən tələb edirəm ki, pozulmuş hüquqlarımı təmin etsinlər. Bu Azərbaycan adına utanılası haldır ki, onun vətəndaşı heç bir səbəb göstərilmədən Gürcüstana buraxılmır. Cinayətim varsa, onu elan etsinlər. Yoxdursa, bu qərar nə üçün verilib? Bütün bunlara ən üst səviyyədə cavab axtarıram.
– Bununla paralel olaraq, Bakıda müəyyən şəxslərin ünvanınıza səsləndirdiyi ittihamlar var. Onlar arasında bir bağ varmı?
– Hədəflər yoxdursa, insanlar bir-birini ittiham edir. Bir qrup insan Zəlimxana daş atmaqla adlarının hallanmasına çalışır. Digər tərəfdən, orada müəyyən mərkəzlər var ki, onlar yüksələn imicimizə zərbə vurmağa, mübarizə imkanlarımızı məhdudlaşdırmağa, beləliklə də Gürcüstan azərbaycanlılarını mütiləşdirmək istəyirlər. Belə mərkəzlər Gürcüstan içərisində də var və bu məsələdə erməni faktoru da mövcuddur. Onlar türklərin baş qaldırması, söz sahibi olmalarını istəmirlər. Gürcüstanın kəşfiyyat idarələri, siyasi hakimiyyətdəki ultraradikal düşüncəli təbəqəsi də, təəssüf ki, Azərbaycan milli təhlükəsizliyi ilə məşğul olan bəziləri də bunda maraqlıdırlar. Onlar gürcünün əlinə müəyyən əsaslar verirlər. Bununla bağlı milli təhlükəsizlik naziri ilə görüşmək istəyirəm. Bizim millətə problem yaradan bir mənbəyə haqqımda donoslar vermək biabırçılıqdır.
– Bunu Kamran Ramazanlı edib, yoxsa başqa adamlar?
– Onlar xırda adamlardır və zatən onlarla bir işim yoxdur. Daha ciddi mərkəzlər var ki, onlar bizim və soydaşlarımızın fəallaşmasında maraqlı deyillər.
Söhbəti qələmə aldl: Elçin
www.yenicag.az