“Çin-Azərbaycan iqtisadi münasibətləri genişlənir”
“Çinlə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir və iki ölkə arasındakı siyasi münasibətlər iqtisadi əlaqələrin möhkəmlənməsi zəminində qurulub”.
Bunu açıqlamasında Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov deyib. Onun sözlərinə görə, bunun nəticəsidir ki, dövlətlərin bir birinə qarşılıqlı etimadı, hörməti və etibarı var:
“Ölkələrimiz bir sıra beynəlxalq səviyyəli məsələlərdə bir-birinə dəstək verirlər, bir çox məsələlərdə mövqelərimiz nəinki yaxındır, hətta üst-üstə düşür. Bu mənada Çinlə bizim münasibətlərin yaxınlığı təbiidir”.
Səfir deyib ki, siyasi münasibətlərimiz iqtisadi maraqlar üzərində qurulduğundan iqtisadi əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. Səfir əlavə edib ki, iki ölkə arasındakı münasibətlərdə ticari münasibətlərin də müstəsna rolu var:
“Əgər iki il bundan öncəyədək ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 600 milyon dollar civarında idisə, hazırda bu rəqəm 1,3 milyard dollar həcminə qalxıb. Bu da münasibətlərin bir göstəricisidir. Azərbaycan regionun lider ölkəsi olduğundan potensial imkanlar daha genişdir və bu baxımdan gələcəkdə iki ölkə arsındakı ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artacaq. Ticarət dövriyyəsinin artması isə iqtisadi münasibətlərin genişlənməsi deməkdir.”
Qarşlıqlı investisiya yatırımlarına toxunan səfir deyib ki, bu gün Çin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə iştirak edir:
“Azərbaycan prezidenti Çində səfəri zamanı çinli iş adamlarının ölkəmizə gəlib sərmayə yatırması üçün geniş imkanların və bunun üçün münbit şəraitin olduğunu bəyan etdi. Onları ölkəmizə sərmayə yatırmağa dəvət etdi. Odur ki, biz münasibətlərin yaxşı perspektivini görürük.”
Səfir onu da bildirdi ki, yaxın zamanlarda iki ölkə arasında qarşılqılı yüksək səviyyələi rəsmi səfərlər olacaq və bundan əlavə olaraq ilin sonunadək Pekində Azərbaycan-Çin hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək.