“Təəsəsüf ki, biz aktyorların qədrini onlar dünyasını dəyişəndən sonra bilirik”.
Bu fikirləri son zamanlar tez-tez səslənən “yeni nəsil aktyorlar yetişmir” iradına münasibət bildirən Əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.
O, hər dövrün öz aktyorlarının olduğunu vurğulayıb:
“Bu gün istedadlı aktyorlar yetişmir” fikri ilə qətiyyən razı deyiləm. Hər dövrün öz aktyorları, öz sənətkarları var. Təəsəsüf ki, biz aktyorların qədrini onlar dünyasını dəyişəndən sonra bilirik.
Əlbəttə, keçmiş sənətkarlarımızı hər zaman hörmətlə yad edirəm. Allah onlara rəhmət eləsin. Bununla belə, biz dövrü də mütləq nəzərə almalıyıq. Ələsgər Ələkbərov böyük sənətkar idi, amma öz dövründə. Lakin bu gün hansısa bir aktyor çıxıb səhnədə Ələsgər Ələkbərov kimi danışsa, onu heç kim qəbul etməyəcək.
Ona görə də hər dövrün öz sənətkarı var. Bu gün də sənətkarlar yetişir. Mən özüm Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Keçən il kursumu bitirən nə qədər maraqlı, istedadlı aktyorlar oldu. Bu gün də yeni nəsil aktyorlar yetişir”.
Cəvahir
www.yenicag.az