Azərbaycanda koronavirus pandemiyası davam edir. Karantin rejiminin bir qədər yumşaldılmasından sonra virusa yoluxanların sayında artım olmasının bir səbəbi var: insanlar qaydalara riayət etmirlər!
O cümlədən, iş yerlərində də… “Bakı Tikiş Evi” MMC-dəki yoluxmaların ardından daha bir məlumat “Baku Steel Company” MMC-dən gəldi. Nazirlər Kabineti yanında operativ qərargahın mayın 15-də yaydığı məlumata görə, burada 50 nəfərdən çox əməkdaş koronavirusa yoluxub.
Onlar necə yoluxurlar?
Aprelin sonlarında “Baku Steel Company” MMC-də işçilərdən biri xəstəlik əlamətlərini müşahidə edir və xəstəxanaya müraciət edir. Xəstəxanada yaxma götürürlər, testin nəticəsi müsbət olur və o, xəstəxanaya yerləşdirilir. Xəstə ilə təmasda olmuş doqquz nəfər müəyyən edilir və dərhal həmin şəxslərdən də yaxma götürülür.
Yoluxmuş şəxslə eyni kollektivdə işləyən üç nəfərdə də xəstəlik əlamətləri müşahidə olunur və onlar xəstəxanaya müraciət edirlər. Hər üçündə testin nəticəsi müsbət çıxır. Bir müddət sonra iki nəfərdə də koronavirus aşkarlanır. Daha sonra müayinələrə cəlb edilən 551 nəfərdən 43-də testlərin nəticələri müsbət olur.
Beləliklə, mayın 14-ə olan məlumata görə, müəssisənin 49 nəfər işçisində koronavirus aşkarlanır. Yoluxanlardan beş nəfəri 20-29, doqquz nəfəri 30-39, 11 nəfəri 40-49, 17 nəfəri 50-59, beş nəfəri isə 60-69 yaşdadır.
Xəstələrlə təması olmuş ümumilikdə 91 nəfər ailə üzvləri də müayinədən keçirilir, onlardan da iki nəfərində virus aşkarlanır.
Lakin məsələ bununla yekunlaşmır. Yoluxmanın daha geniş yayıla bilmə ehtimalını nəzərə alaraq, müayinələr sonrakı üç gündə də davam etdirilir və mayın 17-də daha 19 işçidə koronavirusla bağlı nəticələr müsbət nəticələr verir.
Səhiyyə Nazirliyindən bildiriblər ki, yoluxmanın artma səbəblərdən biri də müəssisədə 5-7 nəfər işçinin bir yerdə qrup şəklində çalışması və sosial məsafə saxlamamasıdır.
Gigiyenik qaydalara da tam əməl olunmur. Məsələn, maska, yaxud yuyucu vasitələrdən istifadə olunsa da, işçilər bir yerdə qidalanıblar.
İş rejimi növbəli olduğu üçün gecə növbəsindən çıxan işçilər kirayələdikləri 8-10, yaxud 12-15 nəfərlik mikroavtobuslarla evə gediblər. Birgə işləyərkən, fasilədə birgə nahar və işə gediş-gəliş zamanı təmasın yoluxmanın artmasına səbəb olduğu ehtimal edilir. Məlum olub ki, müəssisədə operativ qərargahın tövsiyələrinə tam əməl olunmayıb. Dezinfeksiya işlərinin aparılması yalnız koronavirus aşkarlandıqdan sonra təmin edilib.
Yenidən başlamaq mümkün olsaydı…
Pandemiyanın Azərbaycanda olmadığı zamanlarda koronavirusun qorxulu infeksiya olması, yoluxan bir şəxsin yüzlərlə şəxsi yoluxdura bilməsi, xəstəlikdən sağalanda belə onun ağır fəsadlar yarada bilməsi barədə dəfələrlə fikirlər səsləndirilmişdi.
Dünya ölkələrində virusun yaratdığı acınacaqlı mənzərələri hamı izləmişdi. Azərbaycanda belə halların yaşanmaması üçün Nazirlər Kabineti yanında operativ qərargah, İqtisadiyyat Nazirliyi, səhiyyə orqanları və digər qurumlar tövsiyələr, materiallar, qaydalar, videoçarxlar və hazırlayıb insanları maarifləndiriblər.
Azərbaycanda koronavirus aşkarlandıqdan sonra bu tədbirlərin miqyası daha da genişləndirildi. Sahibkarlıq subyektlərinin fəaliyyəti məhdudlaşdırılsa belə, onların zərər çəkməməsi üçün maliyyə vəsaiti ayrıldı, vergi güzəştləri və tətilləri tətbiq olundu, sahibkarlar üçün əksər xidmətlər yalnız elektron qaydada göstərildi, onların dəstək tədbirlərindən yararlana bilmələri üçün bütün imkanlar səfərbər edildi.
İş yerlərində gigiyena qaydalarına əməl edilməsi üçün geniş maarifləndirmə işləri aparıldı və tövsiyələr təqdim edildi. Pandemiya dönəmində sahibkarlar həm vətəndaş, həm də iş adamı olaraq dəstək alətlərindən yararlandılar.
Bütün bu tədbirlərin qarşılığında onlardan gözlənilən yalnız məsuliyyətli davranış idi. Təəssüf ki, gözləntilər özünü doğrultmur. Halbuki qaydalara vaxtında əməl edilsə, karantin rejiminin uzadılmasına, məhdudiyyətlərin artırılmasına, obyektlərin fəaliyyətinin müvəqqəti dayandırılmasına ehtiyac qalmazdı. Əslində, məsuliyyətsizlik ilk növbədə həm sahibkarın, həm də işçilərin özlərinə ziyan vurur. Həm maddi, həm də mənəvi…
Məsuliyyətsizliyin nəticəsi sahibkarın günahı ucbatından koronavirusa yoluxmuş kollektiv və bağlanan iş yerləridir. Bu mənzərənin şirkətin gələcək fəaliyyətinə, bazardakı nüfuzuna və müştərilərinə təsirini təsəvvür etmək çətin deyil. İllərlə qazanılmış reytinq məsuliyyətsizliyin qurbanı ola bilər.
Hər şey fərqli ola bilərdi
Virusun aşkarlandığı hər iki müəssisə Azərbaycanda kifayət qədər tanınmış, iqtisadi baxımdan əsaslı mövqeyi olan sahibkarlıq subeyktləridir. Məqaləni hazırlayarkən həmin şirkətlərdən birinin kadr siyasəti, təhlükəsizlik məsələlərinin həlli və sosial məsuliyyəti ilə bağlı məlumat almaq üçün onun rəsmi saytına nəzər saldıq.
Saytda şirkətdə çalışan hər işçiyə etimad və hörmətlə yanaşılmasına yüksək diqqət yetirildiyi və şirkətdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi norma və standartlarının təlimi və təbliği məqsədi ilə Təlim Mərkəzinin də fəaliyyət göstərildiyi qeyd edilir.
Əlavə şərhə ehtiyac var: bütün bunlara əməl edilsəydi, hər şey fərqli ola bilərdi. Aşkarlanmış faktların digər şirkətlərdə olmayacağına heç kim zəmanət vermir. Pandemiya dövründə iş yerlərinin fəaliyyəti ilə bağlı qaydalara əməl etməyən bütün sahibkarları, biznes strukturlarını və iş yerlərini eyni aqibət gözləyə bilər.
Bu səbəbdən sahibkarlar sosial məsuliyyəti əsas iş prinsipi kimi qəbul etməli və iş yerlərində təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarəti gücləndirməlidirlər. Bunun üçün koronavirusdan qorunmağın yollarını bir daha nəzərdən keçirib, onları tam tətbiq etmək və işə yanaşmada yeni səhifə açmaq lazımdır. Zərərin yarısından qayıtmaq da gec deyil. Əks təqdirdə zaman əleyhimizə işləyə bilər və sonrakı peşmanlıq isə, məlum olduğu kimi, fayda vermir./Oxu.az/
www.yenicag.az