COVID-19-un yayılması müxtəlif şəkildə əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stress və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər.
Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyi yanında Təcili Psixoloji Xidmət şöbəsinin rəhbəri Günel Əliyeva bu kimi çətinliklərin öhdəsindən gəlməyin yollarından danışıb.
“Stressin qarşısını effektiv şəkildə necə almalı?” sualını cavablandıran həkim-psixiatr qeyd edib ki, stress – orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı olan qoruyucu reaksiyasıdır: “Stressin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stress (distress) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər.
İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stressə davamlılığımız çox şeyə qadirdir və müəyyən stressə və dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distresin öhdəsindən gələ bilmir və bu öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distress fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm”.
O həmçinin bildirib ki, stressə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur: “Bütün bu amillər distressin azalmasına və psixi vəziyyətin yaxşılaşması təsir edir. Yaxın adama stress zamanı necə kömək etmək lazım olduğuna gəlincə, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır”.
Həkim-psixiatr, həmçinin insanın streslə müstəqil mübarizə aparma üsulları barədə tövsiyələrini bildirib: “Əslində stressin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə özünüzü səfərbər edib, müxtəlif yollarla stress müqavimətinizin səviyyəsini artırmalısınız. Bunun ən effektiv üsulları bunlardır: fiziki (gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa), mental: (müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq ) və emosional: (sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək)”.
www.yenicag.az