Cümə məscidində ehsan veriləcək
Dekabrın 12-də Azərbaycan xalqı özünün Ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 11-ci ildönümünü qeyd edəcəkdir.
Bununla əlaqədar dekabr ayının 12-də İçəri şəhər «Cümə məscidi» dini icması tərəfindən Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehsan mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur. Qafqaz Müsəlmanları İdarəsi sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib ki, Qurani-Kərimin əl-Bəqərə surəsinin 269-cu ayəsində belə deyilir: “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu, ancaq ağıllı adamlar dərk edər”. Bu hikmətli sözlər məhz Heydər Əliyevə addir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. O, hər zaman demişdir: «Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik». «Biz azərbaycanlılar, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq».
Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi insanların vicdan azadlığının təmin edilməsi, dini qurumlarla iş sahəsində də çox əhəmiyyətli dəyişikliklər baş vermiş, yüzlərlə yeni məscid, o cümlədən Səbail rayonu Bibiheybət qəsəbəsində böyük məscid tikilmiş, köhnə məscidlər bərpa olunmuş, ölkəmizdə fəaliyyət göstərən digər konfessiyalara məxsus olan məbədlərin təmiri və yenilərinin tikilməsi, həmçinin dini bayramlarımızın dövlət səviyyəsində keçirilməsi üçün şərait yaradılmış, dövlətimiz tərəfindən dinimizə olan diqqət və qayğı xeyli artmışdır.
Ona görə də biz belə qərara gəlmişik ki, hər il olduğu kimi Heydər Əliyevin anım günündə İçəri şəhərdəki «Cümə» məscidində onun ruhuna dualar oxunsun və böyük ehsan mərasimi təşkil olunsun. Bu, biz inanclı insanların dahi şəxsiyyətin xatirəsinin yad edilməsinə töhfəmiz olacaqdır”.