Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü İzmirdə qeyd olunub.
Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan Xalq Cümhiriyyətinin (AXC) 100-cü ildönümü münasibətilə silsilə konfranslar keçirilib. Yenicag.az xəbər verir ki, Azəri-Türk Qadınlar Birliyi ilə “Yeni Çağ” Media Qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyədə bır sıra tədbirlər keçirib.
Aydın və Amasyadan sonra təşkilatçılar İzmirdə növbəti tədbiri gerçəkləşdiriblər.
Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin mərkəzi ofisində gerçəkləşən Dəyirmi Masada İzmirdə fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı, İzmir Milliyyətçi Vəkillər Qrupunun üzvü Adnan Selvi, “Sahra Medya” Media Qrupunun rəhbəri Nalaz Qazezoğlu, İzmir Qadın Təşkilatları Birliyi və Türk Universitet Məzunu olan Qadınlar Dərnəyi İzmir Şöbəsinin rəhbəri Tülin Kesiktaş Eraslan, digər dərnək, media rəhbərləri iştirak və çıxış ediblər.
Konfransda məruzə edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin sədri Cəvahir Əhmədova və başqa natiqlər AXC-nin Azərbaycan və Türk dünyası üçün əhəmiyyətindən, bu tarixi hadisə nəticəsində bir əsrə yaxın müddətdə ayrı düşmüş Azərbaycanla Türkiyə arasındakı münasibətlərin sürətlə inkişaf etməsindən, Cümhuriyyətin təşəkkül tapmasında Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun göstərdiyi misilsiz xidmətlərdən ətraflı bəhs olunub.
Çıxış edənlər Azərbaycan-Türkiyə münasibətlərinin çağdaş durumunu yüksək qiymətləndirərək, iki qardaş ölkənin rəhbərliyi ilə xalqının Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” prinsipinə sədaqətini önə çəkiblər.
www.yenicag.az