Dünən Nizami kinoteatrında Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr olunan “Cümhuriyyətin 9 şəkli” adlı film təqdim olunub.
Yenicag.az xəbər verir ki, “Veysəloğlu” şirkətlər qrupunun təşəbbüsü və maliyyə dəstəyilə çəkilən baş rollarında Rasim Balayev və İbrahim Laçının oynadığı film böyük marağa səbəb olub. Filmin təqdimat mərasimində çoxlu sayda millət vəkili, sənət adamları və dövlət rəsmiləri iştirak edib. Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
Çıxış üçün səhnəyə çıxan Orxan Fikrətoğlu qələmə aldığı ssenarinin tarixi faktlara əsaslandığını bildirib. O vurğulayıb ki, Cümhuriyyət dövrü hələ də tam araşdırılmayıb və yeni aşkarlanmış hər bir fakt hesabına ən azı bir film çəkmək mümkündür.
Filmin quruluşçu rejissoru Elxan Cəfərov vətənpərvərlik hissinin təbliği üçün tamaşaçılara tez-tez bu cür filmlərin təqdim olunmasının vacib olduğunu deyib.
“Veysəloğlu” şirkətinin Biznesə dəstək üzrə baş direktoru İlqar Nuru isə Cümhuryyətimizin yüzüncü ildönümündə yaddaşlara həkk olunacaq xatirə qoymaq istədiklərini və bu məqsədlə də bu film layihəsinin həyata keçirdiklərini qeyd edib.
Tədbirdə həmçinin xalq artisti Nurəddin Mehdixanlı da nitq söyləyib. Xalq artisti dövlətimizin güclü təməllər əsasında qurulduğunu və respublikamızın AXC-nin layiqli varisi olduğunu vurğulayıb.
Daha sonra isə film iştirakçılara təqdim olunub. Cümhuriyyətin qurulmasından süqutuna qədər baş verən proseslər bir nəfərin dilindən nəql olunub.
Baba rolunu oynayan Rasim Balayev nəvəsi rolundakı İbrahim Laçına şərəfli tariximizi danışıb. O, fotoqraf atasından, onun çəkdiyi rəsmlərdən, bolşeviklərin ölkəmizi işğal etdikdən sonra baş verən hadisələrdən danışıb.
www.yenicag.az