Daha bir cəza sərtləşdirilir
Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasınıda Cinayət Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılacaq.
Yenicag.az xəbər verir ki, dəyişillikdə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub. Hazırda CM-nin 152-ci maddəsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.
Maddəyə təklif olunan əlavədə isə on altı yaşdan aşağı şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə daha ağır cəzalar verilməsi təklif edilir. Belə ki, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ildən altı ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Həmçinin təklif olunan dəyişiklikdə bu əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə dutulur.
Bu maddələrdə nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət, həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.