Bir neçə gündür ki, Bakı şəhərinin bəzi ərazilərində, küçə və prospektlərdə, yol kənarlarında quraşdırılmış sərnişin dayanacaqlarının sökülməsi prosesinə başlanılıb. Sözügedən proses paytaxtın Səbail, Nizami və Sabunçu rayonlarında kütləvi xarakter alıb və artıq bir neçə sərnişin dayanacağı sökülərək ərazidən aparılıb.
Dayanacağın söküldüyü ərazilərdən biri də Səbail rayonunun Badamdar şosesidir. Xatırladaq ki, Badamdar şosesi ilə Abbasqulu Abbaszadə küçəsinin kəsişməsindən, yəni avtomobil yolundakı yanacaqdoldurma məntəqəsindən Badamdar dairəsi istiqamətinə doğru avtomobil yolunda təmir işləri artıq qismən yekunlaşıb. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Badamdar şosesi ilə Abbasqulu Abbaszadə küçəsinin kəsişməsindən «Gəlinqaya» restoranı istiqamətində isə təmir işləri davam etdirilir. Ona görə də həmin yoldakı sərnişin dayanacağı kompleksindən birisi tamamilə sökülüb.
Paytaxt meriyasının müvafiq qurumlarının əməkdaşları söküntü prosesinə nəzarət edirdilər. Fəhlələr əvvəlcə dayanacağın şüşələrini, oradakı Nəqliyyatda İntellektual İdarəetmə Mərkəzinin monitorunu, eləcə də dayanacağın tavanını və dayaq dəmirlərini sökməyə başladılar. Proses yekunlaşdıqdan sonra sökülən əşyalar yük maşınına qoyularaq ərazidən aparıldı.
Fəhlələrlə söhbət zamanı öyrəndik ki, yolun və səkinin təmiri ilə əlaqədar olaraq dayanacaq kompleksinin sökülməsinə ehtiyac yaranmışdı. Çünki ərazidə ağır texnikaların işlədilməsi, qazıntı işlərinin aparılması, eyni zamanda Badamdar şosesindəki yolun səkinin daraldılması hesabına genişləndirilməsi, eləcə də ərazidəki elektrik xətlərinin və rabitə kabellərinin dəyişdirilməsi nəzərdə tutulduğundan həmin dayanacaq qurğusu sökülməli idi. Onlar həmçinin vurğuladılar ki, haqqında bəhs etdiyimizin yolun təmiri Badamdar dairəsindən Bayıl qəsəbəsinədək davam etdiriləcəyi üçün sözügedən yoldakı digər sərnişin dayanacaqlarının da sökülməsi gözlənilir. Yolun təmiri başa çatdırıldıqdan sonra Badamdar şosesində sökülmüş dayanacaqlar yenidən əvvəlki yerlərinə qoyulacaq.
Bakı şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Kommunal Xidmətlər İdarəsinin Dayanacaqlar Kompleksinin İstismarı Sahəsindən «Həftə içi»nə bildiriblər ki, «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» paytaxt rayonlarında yerləşən bəzi prospektlərin yenidən qurulması nəzərdə tutulub. Sözügedən proqram çərçivəsində Sabunçu rayoundakı Bakıxanov qəsəbəsində, Nizami rayonundakı Qara Qarayev və Babək prospektlərinin yenidən qurulmasına başlanılıb. Analoji təmir-bərpa işləri Badamdar şosesində və digər ərazilərdə də aparılır. Ona görə də bu ərazilərdə quraşdırılmış dayanacaq kömpleksləri sökülür və Dayanacaqlar Kompleksinin İstismarı Sahəsinin qarajına aparılır. Çünki həmin dayanacaqlar yolun genişləndirilməsinə maneçilik törədir. Həmin qurgular qarajda təmir ediləcək və yolların genişləndirilməsi və yenidən qurulması prosesi başa çatdıqdan sonra biz həmin dayanacaq yenidən adıçəkilən ərazilərdə quraşdıracaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən isə deyirlər ki, Badamdar şossesində bir neçə dayanacaqda rabitə əlaqəsi kəsilib. Onların elektrik enerjisi ilə təchizatı dayandırılıb. Bunlar da həmin ərazidəki yolun genişləndirilməsi və orada tikinti işlərinin aparılması ilə əlaqədardır. Bakı şəhərindəki bəzi məkanlarda da sözügedən avadanlıqlar müvəqqəti olaraq işləmir. Amma tikinti işləri başa çatdıqdan sonra onların bərpası yerinə yetiriləcək. Bunlardan əlavə, monitorlarda rabitə əlaqəsinin və elektrik enerjisinin verilməsinin bərpası tikinti gedən ərazilərdə tikintinin bitməsinə qədər gözlənilir ki, ikiqat xərc çəkilməsin.
(hafta.az)
www.yenicag.az