DÇ-2026-nın keçiriləcəyi bu şəhərdə minlərlə insan yoxa çıxır - ŞOK FAKTLAR

media-hightechnic-468x90

Meksikada insanların yoxa çıxması əvvəllər nadir hadisə idi. Lakin təxminən 15 il əvvəl kütləvi məzarlıqlarda onlarla meyitin tapılmasından sonra bu mövzu mütəmadi olaraq dünya xəbərlərinə düşməyə başladı. Hazırda ölkədə 132 mindən çox insan itkin düşmüş hesab olunur.

Yenicag.az xəbər verir ki, ölkənin Qvadalaxara şəhəri “Meksikanın Silikon vadisi” adlandırılır, çünki burada “Intel”, “Oracle” və “IBM” də daxil olmaqla minlərlə beynəlxalq texnologiya şirkətinin ofisləri fəaliyyət göstərir. Şəhər həmçinin növbəti il futbol üzrə dünya çempionatının oyunlarının keçiriləcəyi vulkan formasındakı müasir stadionu ilə də məşhurdur. Lakin Qvadalaxara eyni zamanda Xalisko ştatının paytaxtıdır və ölkədə ən çox itkinin qeydə alındığı yerdir – 15 700-dən çox hadisə.

“The Washington Post” yazır ki, bu, “Xaliskonun yeni nəsil” kartelinin gizli nəzarətinin və hətta ən inkişaf etmiş bölgələrdə hüquq qaydasının çöküşünün göstəricisidir.

ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda Meksika narkokartellərinə qarşı hərbi əməliyyat imkanını müzakirə edir. ABŞ artıq altı karteli, o cümlədən “Xaliskonun yeni nəsli”ni terror təşkilatları kimi tanıyıb. Pentaqon isə bu qruplara qarşı pilotsuz uçuş aparatları və ya raket zərbələri endirilməsi variantını nəzərdən keçirir. Lakin jurnalistlərin qeyd etdiyi kimi, meksikalı kartellər sadəcə bir dəstə fanatik deyil, ölkənin ən iri işəgötürənləri olmaqla yanaşı, yerli siyasətçilər və polis strukturları ilə də əlaqələrə malikdir. İnsanların yoxa çıxması isə onların gizli hakimiyyətinin yalnız bir təzahürüdür.

BMT-nin komitəsi bəyan edib ki, Meksikada itkinlər “genişmiqyaslı və sistemli xarakter” daşıyır. Beynəlxalq hüquqda bu ifadə dövlətin iştirakı və ya hökumətin kartellərə göz yumması ilə izah olunur. Meksika prezidenti Klaudiya Şeinbaum isə ittihamları rədd edərək bildirib: “Meksikada dövlət zorla yoxa çıxmalara görə məsuliyyət daşımır. Bu hadisə mütəşəkkil cinayətkarlıqla bağlıdır və biz bununla mübarizə aparmaq üçün əlimizdən gələni edirik”.

Jurnalistlərin araşdırmalarına görə, Teuçitlan şəhərinin meri və bir neçə polis əməkdaşı kartelə maliyyə qarşılığında kömək göstərib. Xalisko ştatında isə 300-dən çox rəsmi itkinlərlə bağlı işlərdə adları hallanan şəxslər siyahısındadır./Qaynarinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa