!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar: “Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi?” - MÜSAHİBƏ

!Reklam – Yazi

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda müşahidə olunan su qıtlığı barədə Oxu.Az-ın suallarını cavablandırıb:

– Su böhranının yaranmasının təbii amillərlə bağlı olması fikri ilə razısınızmı?

– Minlərlə insan su problemindən əziyyət çəkir, bununla bağlı xeyli sayda şikayət ünvanlayırlar. Şikayətlər daha çox Bakı kəndlərindən gəlir. Deputat həmkarlarım da mənə zəng vurublar, fikirlərini bildiriblər ki, “Azərsu” ASC-nin rəhbərliyi Milli Məclisdə hesabat versin.

Mən də qeyd edirəm ki, Hesablama Palatasına müraciət ünvanlansın və qurum “Azərsu”da yoxlama aparsın. Yoxlamalar aparılmalıdır ki, son 10 ildə dövlət su təchizatına nə qədər vəsait ayırıb və həmin pullar haraya xərclənib. Çünki 10 ildə müsbətə doğru dönüş olmayıb.

Şikayətçilər mənə zəng vurub deyir ki, “Azərsu” rəhbərliyi problemi pandemiya vaxtı insanların sudan daha çox istifadə etməsində görür.

– Yəni dediklərinizdən belə anlamaq olar ki, siz problemi təbii amillərdən çox məmurlarla əlaqələndirirsiniz. Bəs pandemiya zamanı sudan çox istifadə olunması su qıtlığı yarada bilərmi?

– “Azərsu”ya sualım var: Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi, əlini yumurdu? Onunla razıyam ki, insanlar koronavirusla əlaqədar daha çox əllərini yuyurlar, sudan daha çox istifadə edirlər. Amma suya olan tələbat bir neçə dəfə artmayıb ki! Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir ki, su təchizatında çatışmazlıqlar ortaya çıxır?!

Hələ pandemiya olmayanda da hər il may ayından sudan istifadə ilə bağlı xeyli problemlər başlayırdı. Nəyə görə, kimə görə? Nədir bunun izahı? Niyə problemin həlli istiqamətində neçə ildir işlər görülmür? Bizim millət vəkili kimi işimiz odur ki, “Azərsu”nun rəhbər şəxslərini dəvət edək və “niyə sən bu problemi həll etmirsən?” deyə suallar verək.

Pandemiya zamanı suya olan tələbatın artmasının su qıtlığı yaratması barədə deyilənlər isə gülüncdür, uşaq söhbətləridir. Bu milləti təhqir etmək nəyə lazımdır?

– “Azərsu” bildirir ki, problem Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədardır. Bu arqumentdə həqiqət payı yoxdur?

– XXI əsrdir, əvvəlcədən problemləri proqnozlaşdırıb, hesablayıb addımlar atmaq olardı. Kürün də, Xəzərin də səviyyəsi enə bilər. Təbiidir ki, proqnozlaşdırıldıqdan sonra problemlər barədə məlumat verilə bilərdi və həll yolları göstərilərdi. Mən hələ regionlardakı susuzluq barədə danışmıram.

Necə oldu ki, “Azəriqaz”, “Azərişıq” və “Azərenerji” ilə bağlı problemlər azdır, amma “Azərsu” hələ də yerində sayır? Təsəvvür edin, bu gün su nəqliyyatında 50 faizə qədər itki olur. Səbəb nədir? Bu problem nə zamana qədər davam edəcək?

Bu gün millət vəkillərinin bəziləri bağında suvarma işləri aparmaq üçün su gətirdir. Bu suyun da mənşəyi bilinmir.

– Hesablama Palatasının “Azərsu”da yoxlama aparmasının zəruriliyini vurğulayırsınız. Yəni düşünürsünüz ki, qurumda korrupsiya halları var?

– Bununla bağlı heç nə deyə bilmərəm, gərək bunu mütəxəssislər yoxlasınlar. Ancaq birmənalı olaraq bir məqamı qeyd edirəm: “Azərsu” bu zamana qədər çox qeyri-peşəkar işlər görüb ki, hazırda problemlər yaranıb. Azərbaycanda bir neçə gün öncə, bayramqabağı verilən suyun təzyiqi birdən-birə azaldıldı.

İctimaiyyət hər şeyi bilməlidir, cənab Prezident də tapşırıq verib ki, hansı problemi görürsünüzsə, bunu ortaya qoyun. “Azərsu”nun fəaliyyəti kifayət qədər ciddi şəkildə təftiş olunmalıdır.

Mən və bir neçə deputatın tələbi budur ki, problemin dəqiq səbəbi, su ehtiyatları barədə məlumat verilsin və problemdən çıxış yolları göstərilsin. “Azərsu”nun mətbuat şöbəsi isə bu günə kimi normal bir açıqlama verməyib.

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv