“Gəncədən Avropanın şəhərlərinə ucuz reyslər açılmasını təklif edirəm. Əminəm ki, bu uçuşların təşkili üçün ilk milli “lowcoster” Buta Airways öz töhfəsini verə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, çıxışında ötən il Milli Məclisdə qaldırdığı 3 məsələnin öz müsbət həllini tapdığını bildirib.
“Gəncə-Naxçıvan-Gəncə aviareysinin yenidən bərpa edilməsi ilə bağlı təklifimin həll edildiyi üçün dərin təşəkkürümü bildirirəm. Bu aviareyslər Gəncə və Naxçıvan sakinlərinin, Gəncəbasar əhalisinin o cümlədən hər iki şəhərin ali təhsil müəssisələrində təhsil alan tələbələrin, hərbi xidmət çəkən əsgərlərin, onların valideyinlərinin gediş-gəlişinin asanlaşdırılmasında böyük əhəmiyyətə malikdir.
O, Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını da təklif edib:
“Gəncə şəhərində Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, torpağı, vətəni uğrunda özünü və övladını şəhid verən Cavad xanın heykəlinin ucaldılması yaxşı olardı. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından hər birimiz sevinir, mütəşəkkil surətdə həyata keçirilən bu işdən fərəhlənirik. Daha bir təklifim isə Gəncə şəhərində məhəllələrarası idman meydançalarının yaradılmasıdır. Bu cür meydançaların salınması gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradar”.
Hər birinizə diqqətinizə görə təşəkkürümü bildirirəm!”
Deputat həmçinin sədr, hökumət üzvləri və həmkarlarını da təbrik edib:
“Sizi əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin”.