Deputatdan Xocalı ANIMI: "613 canın qisası 44 gündə və antiterror əməliyyatında alındı"
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bütün dünya bu faciəylə gördü ki, erməni millətçiləri necə barbar və tayı-bərabəri olmayan insanlıq qatilləridir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, Xocalı Soyqırımının ildönümü ilə bağlı sarsıdıcı faktları və tarixi ədalətin bərpası barədə fikirlərini bölüşüb. Deputat bildirib ki, erməni cinayətinin dəhşətli statistikasına nəzər saldıqca insan dəhşətə gəlir, əliyalın əhaliyə edilən işgəncələrdən qan donur:
“Soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq qətlə yetirilib. İşğal nəticəsində Xocalıda 3200 fərdi yaşayış binası, məktəblər, muzeylər dağıdılıb, qəbiristanlıqlar vandallara xas üsullarla yerlə-yeksan edilib”.
Vüqar İskəndərov Ulu Öndər Heydər Əliyevin bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verdiyini və Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün atılan tarixi addımları xatırladıb:
“Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə müvafiq qərar qəbul edildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyası isə erməni cinayətlərinin ifşasında müstəsna rol oynayır. Bu gün 100 minlərlə şəxs və 115 təşkilat bu platforma vasitəsilə dünyaya haray salır”.
Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Xocalı şəhidlərinin ruhunu şad edib:
“44 günlük Vətən müharibəsində qazanılan uğurlar, torpaqlarımızın azad edilməsi və erməni separatçılarının Bakıda mühakimə olunması ilə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. “Dəmir yumruq” qalib gəldi! Xocalı şəhəri 2023-cü ilin antiterror əməliyyatı ilə separatçılardan təmizləndi və Prezident İlham Əliyev 15 oktyabrda orada Azərbaycan Bayrağını ucaltdı. Bu, tarixi ədalətin və qisasın ən ali nöqtəsidir”.
Nəsimi Ələsgərli













