Deputatlar vitse-prezidentlə görüşüb
Cənubi Amerika ölkələrində səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Uruqvayda səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvayın vitse-prezidenti, Senatının sədri Raul Sendic ilə görüşüblər. Uruqvayın vitse-prezidenti Uruqvay-Azərbaycan arasında əlaqələrin inkişafı üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və mövcud imkanlardan bəhrələnmək üçün birgə fəaliyyət planları müzakirə olunub.
Səfər vaxtı Azərbaycan parlament nümayəndə heyəti Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Alexnadro Sanches ilə də görüşüblər. Azərbaycan nümayəndə heyətinin Uruqvaya səfərə gəldiyinə görə məmnunluğunu bildirən A. Sanches ölkəsinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu və iki ölkə arasında bir-birini tamamlayan imkanlardan bəhrələnməyin hər iki ölkənin xalqlarının mənafeyinə xidmət göstərdiyini deyib. Görüşdə Azərbaycan-Uruqvay arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, eyni zamanda regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. R. Sanches Uruqvayın sülhpərvər ölkə olduğunu və ənənənvi olaraq dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış etdiyini deyib.
Qeyd edək ki, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün birgə fəaliyyət istiqamətləri müzakirə edilib. Azərbaycanı Uruqvay üçün dost ölkə adlandıran nazir R. N. Novoa iki ölkənin beynəlxalq məsələlərə münasibətdə oxşar baxışlara malik olmasını, beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsinə səmərəli əməkdaşlığının mövcudluğunu, habelə bir-birini tamamlayan iqtisadiyyatlara malik olmasını əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli əsaslar kimi xarakterizə edib. O, Uruqvay hökumətinin Azərbaycanla növbəti illər ərzində əlaqələrin inkişafı istiqamətində çalışmağa hazır olduğunu deyib. Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Nazir R. N. Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayaraq bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, münaqişə ilə bağlı BMT TŞ-nın qətnamələri yerinə yetirilməli, bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülüb. Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərbaycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, inteqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Uruqvay neft şirkəti olan ANAP-ın rəhbərliyi ilə görüşərək, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.