DİN-də kollegiya iclası keçirildi
Yanvarın 27-də Daxili İşlər Nazirliyində (DİN) 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Yenicag.az apa-ya istinadən bildirir ki,iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, 2014-cü ildə aparılan quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.
Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 559 min nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1 165 565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji iş DİN-in əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) xidmət mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.
O da qeyd olunub ki, Daxili Qoşunlar da ictimai asayişin keşiyində mətinliklə dayanıb, hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak ediblər. Qoşunların maddi-texniki bazasının gücləndirilməsi, komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.
Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il DİN-ə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, o cümlədən şikayətlərin sayı 7 faiz azalıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan müraciətlərin dinamikasında isə 13 faiz azalma qeydə alınıb.
Kollegiya iclasında Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və başqaları çıxış ediblər.
İclasda bu paytaxtda keçiriləcək ən mühüm beynəlxalq tədbirə – I Avropa Oyunlarına hazırlıq işlərindən danışan daxili işlər naziri R. Usubov sözügedən tədbirlər çərçivəsində 700 əməkdaşın xarici dil kurslarına cəlb olunduğunu bildirib.
Bu yarışlar zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh xidmətlərin, ərazi orqanlarının və nizami hissələrin fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin səmərəli təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə DİN-in müvafiq Tədbirlər Planından irəli gələn məsələlərin icrasının davam etdirilməsinin, eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə tam təmin olunmasının, o cümlədən etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi sahəsində fəaliyyətin ciddi nəzarətdə saxlanılmasının vacibliyi qeyd edilib.