“Bu metod məktəblərin bağlandığı şəraitdə şagirdlərin tədrisdən kənar qalmalarının qarşısını alır”.
Koronavirus təhlükəsi ilə əlaqədar orta və ali məktəblərdə tədrisin dayandırılması fonunda orta məktəb şagirdləri üçün bir sıra fənlər üzrə videodərslərin keçirilməsinə başlanılıb.
Bu metodla bağlı Yenicag.az-a danışan təhsil eksperti Elçin Əfəndi şagirdlərin tədrisdən kənar qalmamalarını təmin edən bu addımı müsbət qiymətləndirib.
Bununla belə, ekspertin sözlərinə görə, təhsilin keyfiyyətini artırmaq üçün müəllim və tələbələrin eyni məkanda olma məcburiyyətini ortadan qaldıran distant təhsilin tətbiqi daha arzuolunandır:
“Bu addım yüz faiz də olmasa, qırx faiz civarında müsbət nəticə əldə etməyə imkan verəcək. Çünki hər bir şagirdin eyni vaxtda televizor qarşısında əyləşməsi real görünmür.
Bütün hallarda Təhsil Nazirliyinin şagirdlər üçün videodərslər təşkil etməsi təqdir olunmalıdır. Bu metod məktəblərin bağlandığı şəraitdə şagirdlərin tədrisdən kənar qalmalarının qarşısını alır.
Amma əlavə edək ki, distant təhsil sisteminin tətbiqi daha uğurlu variant ola bilər”.
Qeyd edək ki, bu il martın 11-dən etibarən, Mədəniyyət TV-də saat 10:00-16:00 aralığında videodərslərin tədrisinə başlanılıb.
Gülşən Şərif
www.yenicag.az