“Yeni qanun qəbul edildikdən sonra da partiyalara maliyyə yardımının ayrılması mürəkkəb mexanizmin qurulmasını zəruri edir”.
Bu fikirləri Milli Məclisdə təmsil olunmayan partiyaların dövlətdən maliyyə yardımı almaq perspektivini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, bu məsələ ən yaxşı halda növbəti parlament seçkilərindən sonra gündəmə gələ bilər:
“Təbii ki, siyasi partiyaların dövlətdən maliyyələşməsi müvafiq qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan qanunvericiliyin əsasında isə siyasi partiyalar haqqında qanun dayanmalıdır. Lakin qüvvədə olan qanunda parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə vəsaiti ayrılması nəzərdə tutulmayıb.
Bildiyiniz kimi, hazırda siyasi partiyalar haqqında yeni qanun layihəsi açıqlanıb və müxtəlif səviyyələrdə onun müzakirəsi aparılır. Bu isə o deməkdir ki, yeni qanun qəbul təsdiq olunana qədər parlament təmsilçiliyi olmayan partiyalara maliyyə yardımının ayrılması mümkün deyil.
Digər tərəfdən, yeni qanun qəbul edildikdən sonra da partiyalara maliyyə yardımının ayrılması mürəkkəb mexanizmin qurulmasını zəruri edir. Çünki layihəyə əsasən, dövlət maliyyələşməsinə düşmək üçün partiyaların seçkidə iştirakı və müəyyən nisbətdə səs toplamaları tələb olunur.
Mövcud şəraitdə isə hakimiyyətin dediyimiz mexanizmə hətta nəzəri baxımdan belə malik olması böyük sual altındadır. Ona görə də hesab edirəm ki, o mexanizm müəyyən edilmədən, bu barədə danışmaq çox çətindir. Eyni zamanda, o da qeyd olunmalıdır ki, hətta qanunda müvafiq bənd yer alsa da, bu məsələ növbəti poarlament seçkilərindən sonra aktuallaşa bilər”.
A.Zeynalov
www.yenicag.az