Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
– qanunun aliliyi;
– azad rəqabətin qorunması;
– şəffaflıq və səmərəliliyin artırılması;
– iddiaçıların hüquq bərabərliyi;
– tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək və müsabiqənin şərtlər toplusunda qeyd olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək.
www.yenicag.az