Dövlət qurumları arasında məhkəmə çəkişmələri… – Borc qaytarılacaqmı?
Vüqar Bayramov: “Bir dövlət qurumunun borclu olan digərinin hesablarını dondurması ancaq məhkəmə qərarları ilə ola bilər”
Dövlət qurumları arasında borclar məhkəməyə daşınmaqdadır. Məsələn, 2015-ci il 1 iyun tarixinə “Azərenerji”nin qaza olan borcu 485 milyon manat təşkil edib və SOCAR məhkəmədə “Azərenerji”ni udub. Amma bunan baxmayaraq bir çox hallarda cavabdeh qurum məhkəmə qərarlarına etinasız yanaşaraq, ona əməl etmir. Görəsən, belə olan halda dövlət qurumları arasında borcların taleyi necə olacaq? Yəni borcun qaytarılması mexanizmi necə yerinə yetirilməlidir? Məhkəmə qərarına rəğmən borc qaytarılmadığı halda, bir dövlət qurumu digərinin hesablarını dondura biləcəkmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında qeyd etdi ki, borca görə digər dövlət qurumunun hesabının başqa dövlət qurumu tərəfindən dondurulması mümkün deyil. Bu proses ancaq məhkəmə qərarı ilə həyata keçə bilər: “Dövlət qurumları arasında qarşılıqlı borcların silinməsi praktik olaraq bəzi bu tip qurumlarda müəyyən arxayınçılıq yaradıb. Nəzərə alsaq ki, zaman-zaman dövlət tərəfindən belə qurumların borclarının silinməsi həyata keçirilib, bu da həmin dövlət qurumlarında borcları ödəməklə bağlı çətinlik yaradır. Bu fonda etiraf olunmalıdır ki, borcların silinməsi dövlət qurumlarında bir arxayınçılıq formalaşdırıb. Ona görə də birmənalı şəkildə dövlət qurumları arasında borcların silinməsinin tərəfdarı deyilik. İstisna hallarda bəzi borcların silinməsi mümkündür. Amma bütövlükdə tam olaraq bu borcların silinməsi arzuolunan deyil. Çünki bu tendensiya növbəti mərhələdə arxayınçılığa uyğun olaraq yeni belə borcların yaranmasına gətirib çıxaracaq. Qarşılıqlı borclar silindikdən sonra bir daha borcların silinməyəcəyi ilə bağlı rəsmi olaraq açıqlamaların verilməsi daha məqsədəuyğundur.
Eyni zamanda, qarşılıqlı borclar silindikdən sonra, dövlət qurumlarında bu istiqamətdə nəzarət gücləndirilməlidir ki, növbəti dəfə dövlət qurumları arasında borc məsələsi qalxmasın. Çünki, güclü nəzarətin olması imkan verəcək ki, belə halların təkrar baş verməsinin qarşısı alınsın. O, baxımdan nəzarət vacibdir. Yaranan borcların səbəbinin araşdırılması və həmin səbəbə uyğun olaraq da qərarların qəbuluna ehtiyac var. Lakin bütün hallarda əsas yol nəzarətin gücləndirilməsidir. Bir dövlət qurumunun borclu olan digərinin hesablarını dondurması ancaq məhkəmə qərarları ilə ola bilər. Dövlət qurumları özləri bu hüquqa malik deyillər. Amma məhkəmə qərar qəbul etməklə hesabın dondurulmasını həyata keçirə bilər”.
ELÇİN