Büdcədən maliyyələşən dövlət səhiyyə müəssisələrində çalışan həkimlərin xəstələri müxtəlif analizlərin verilməsi üçün özəl klinikalara göndərmələri pasiyentlərin səbrini daşırıb.
Dövlət xəstəxanalarında işləyən həkimlər bu “göndərişi” zəruri tibbi avadanlıqların olmaması ilə “əsaslandırmağa” cəhd etsələr də, reallıq tamam fərqlidir. Çoxsaylı pasiyentlərin iddiasına görə, dövlət xəstəxanalarının həkimləri özəl klinikalarla qabaqcadan razılaşaraq, göndərilən hər xəstə üçün “qonorar” alırlar.
Yenicag.az xəbər verir ki, ARB-nin bu məsələyə həsr olunmuş süjetində bəhs olunan problemin mahiyyəti göstərilib və maraqlı tərəflərin mövqeləri işıqlandırılıb.
Özəl klinikada çalışan həkimləri oradakı qiymətlərin bahalığına özünəməxsus tərzdə belə haqq qazandırırlar. Həkim Etibar Kərimov məsələ ilə bağlı bunları deyib:
“Bu klinikada 60, digərində isə 80 manatdır. Özəl klinikanın biri ola bilsin ki, qan analizini “bürned” üsulu, o biri isə məsələn, “davidson” üsulu ilə götürür. Xarici ölkələrdə də belədir. Analizlərin qiymətində mütləq fərq olur”.
Özəl klinikalardan birinin laboratoriya müdiri Sevinc Əhmədova başqa ölkələrdə də eyni cihazlardan istifadə olunduğunu vurğulayıb:
“Türkiyə və Avropa ölkələrində də eyni bu cihazlardan istifadə edilir. Onların ölkəyə gətirilməsi çox baha olduğu üçün bizdə də məcburiyyətdən qiymətlərimiz yüksək olur”.
Özəl klinika sahibi Ramin Əsgərov da ölkədə tibbi avadanlıqların istesal olunmadığını önə çəkib:
“Bu məsələlər bazar qiymətləri ilə tənzimlənir. Ona görə də, qiymətlər fərqli ola bilir”.
Əhali isə bu vəziyyətdən narazıdır. Pasiyentlər üzləşdikləri maxinasiyadan və bahalıqdan gileylənirlər:
“Bir müayinəyə və analizə görə tələb olunan məbləğ həddinnən artıq yüksəkdir. İnsanların əməkhaqqı və orta yaşayış səviyyəsini nəzərə alsaq, qiymətlər uyğunluq təşkil etmir”.
“Yoldaşımı “MRT” etdirib Bakıya apardım. Dedilər ki, bu qane etmir. Eyni həkim, eyni aparatdır. Pul tələsi kimidir”.
“İnanın ki, gedib dövlət xəstəxanasına müraciət edəndə deyirlər ki, get özəl klinikada analizlərini ver, sonra gəl mənə nəticəsini göstər”.
Bu müəmmaların daha nə qədər davam edəcəyini bilməyən pasiyentlər isə hələ ki çaşqın vəziyyətdədirlər.
www.yenicag.az