Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DSX-dən Yenicag.az-a verilən məlumata görə, hadisə 11 oktyabr tarixində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.
Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.
Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az