Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulublar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilmiş, sərhədçilərin sayıqlığı nəticəsində düşmən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalmışlar.
Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gərginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilmiş, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların veriləcəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olunmuşdur.
Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq ER-nın Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.
Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.
www.yenicag.az