Yenicag.az Azərtac-a istinadən dünya futbolunda “Ginnesin rekordlar kitabı”na düşən 7 hadisəni təqdim edir:
Karyerasına ən gənc yaşda başlamış futbolçu – ən gənc yaşda peşəkar futbolçu karyerasına Boliviyanın “Aurora” klubunun hücumçusu Maurisio Baldiveso başlayıb. Hücumçu 2009-cu ildə 13 yaşı tamam olmamış peşəkar futbol oyununda meydana çıxıb. Baldiveso “Aurora” klubunun sabiq baş məşqçisinin oğludur.
Ən çox azarkeş toplamış oyun – Braziliyada təşkil olunan dünya çempionatının final oyunu ən çox azarkeş topladığına görə tarixə düşüb. 1950-ci ildə “Marakana” stadionunda Braziliya və Uruqvay milli komandaları arasında keçirilən qarşılaşmaya rəsmi olaraq 173 min 850 bilet satışa çıxarılsa da, şahidlər ən azı 210 min azarkeşin arenada olduğunu iddia edirlər.
Ən uzaq məsafədən ayaqla vurulan qol – 2013-cü ildə İngiltərə Premyer Liqasında “Stok Siti” və “Southampton” komandaları arasında keçirilən oyunda qapıçı Asmir Beqoviç öz cərimə meydançasından qol vurub. Qapıçı Beqoviçin zərbə vurduğu nöqtədən rəqib qapısı arasındakı məsafə 91.9 metr təşkil edib.
Ən çox qol vuran qapıçı – braziliyalı qapıçı Rocerio Seni penalti və cərimə zərbələrindən 128 qol vurub.
Ən uzaq məsafədən başla vurulan qol zərbəsi – Norveç çempionatında “Tromse” ilə qarşılaşan “Odd Qreenland” klubunun futbolçusu Yone Samuelsen 57,32 metr məsafədən vurduğu qol futbol tarixində başla ən uzaq məsafədən vurulan qoldur.
Bir oyunda ən çox penalti qaçıran futbolçu – argentinalı futbolçu Martin Palermo 1999-cu ildə Argentina və Kolumbiya (0:3) milli komandaları arasında keçirilən matçda gözəl oyun nümayiş etdirsə də, təyin olunan 3 penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Əvəzlənmədən sonra ən tez qol vuran futbolçu – Nikolas Bentner 2007-ci ildə “Tottenhem” və “Arsenal” klublarının oyununda meydana çıxdığı 6 saniyədə qol vurub.
www.yenicag.az