Dünya yeni müharibəyə SÜRÜKLƏNİR – “Gömrük savaşı” real qarşıdurmaya ÇEVRİLİR?
“Çinlə ABŞ arasında savaş olacaq”.
Bu fikri ABŞ-nin başlatdığı “gömrük müharibəsi” və bunun nəticələrini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, ABŞ-nin hədəfi Çindir:
“Donald Tramp seçkiöncəsi də deyirdi ki, Çinlə problemləri var. İndi də bu problemlər dərinləşməkdədir. ABŞ-nin gömrük rüsumları ilə bağlı siyasəti Avropa İttifaqının maraqları ilə yüksək səviyyədə toqquşur. Faktiki olaraq bu bütün dünyada böhrana gətirib çıxarır. Bundan əziyyət çəkən böyük dövlətlər yox, kiçik dövlətlər olacaq. Avropa İttifaqı ilə ABŞ arasında olan gömrük problemləri sıfırlanacaq. Azad iqtisadi zona, yaxud gömrük ittifaqı kimi bir qurum yaradacaqlar”.
“Hazırda Çinlə Avropa İttifaqı arasında çox böyük ticarət əlaqəsi var. Onların münasibətlərinin 50 illiyi oldu. Avropa İttifaqı ilə Çin böyük ticari tərəfdaşdırlar. Baxmayaraq ki, “Bir kəmər bir yol” layihəsindən İtaliyA çıxdı, ancaq Çinlə Avropa İttifaqı arasında münasibətlər yaxınlaşır. Avropa İttifaqı ilə ABŞ arasındakı gömrük savaşı sıfırlanacaq” – deyə o, əlavə edib.
Çinin hazırkı siyasətinə gəldikdə isə analitik bunları deyib:
“Çin yeganə dövlətdir ki, ABŞ ilə gömrük rüsumları ilə bağlı heç bir danışığa getmir. Yaponiya, Avropa İttifaqı gedir, ancaq Çin bu addımı atmır. Çin adekvat addımlar atır. Keçən dəfə ABŞ gömrük rüsumunu 34 faizə qaldırdı, Çin də ABŞ-yə qarşı eyni addımı atdı. ABŞ gömrük rüsumunu 50 faizə qaldırmaq istəyir, Çin də eyni addımı atacaq. Çinin Yaponiya və Cənubi Koreya ilə danışıqları gedir. Ola bilsin, bu üç ölkə arasında azad ticarət zonası yaradılsın. Görünən odur ki, Çinlə ABŞ arasında savaş olacaq”.
Y. Bağırzadə əmindir ki, neft kəskin sürətdə ucuzlaşır:
“ABŞ-dəki birjalar, London, Paris birjaları da düşür. Qızıl qalxır, neft isə aşağı düşür. OPEC-in isə yaxınlarda dağılma ehtimalı var. Hazırda OPEC+ işləmir. Böyük ehtimalla, OPEC də dağılacaq. Tramp neftin qiymətinin ucuzlaşmasını istəyir. Maraqlıdır ki, neftin maya dəyəri ABŞ-nin özünə 60 dollara başa gəlir. Bunu necə aşağı salacaq?”
“Hazırda dünyada xaos yaşanır. Yaxın zamanda Kanada ABŞ-nin təsiri altına keçəcək, Panama kanalına ABŞ nəzarət edəcək, Danimarka da Qrenlandiyadan vaz keçəcək. ABŞ ilə Çin arasındakı toqquşmada Çin çalışacaq ki, ABŞ-nin olmadığı yerlərə girsin. ABŞ də çalışacaq ki, Türkiyəni daxil etsin. Əgər böyük problemlər yaşanmasa, Türkiyə iqtisadi cəhətdən Avropa bazarının sahibi olacaq”, – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd