“Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Nəsimi ili” çərçivəsində elan etdiyi “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, alimlər, siyasi və ictimai xadimlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov ölkə prezidenti tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunmasından sonra Bakıda və regionlarda çoxsaylı silsilə tədbirlərin keçirildiyini, müxtəlif müsabiqələrin elan olunduğunu və bu tədbirlərin davam etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi olarkən 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin məzarını tapdırıb onu bərpa etdirməsindən söz açıb:
“Ümummilli lider Heydər Əliyevin hələ o vaxtı Nəsiminin məzarını bərpa etdirməsi, daha sonra “Nəsimi” filminin çəkilməsi, ümumilikdə ona verilən dəyər bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki,
2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Bu gün biz burada “Nəsimi ili” çərçivəsində elan etdiyimiz “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəinin qaliblərini mükafatlandrımağa və “Kaspi” nəşrləri” seriyasından olan “Əbədiyyət günəşi” və Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” adlı albom-kitabının təqdimat mərasiminə yığışmışıq.
Onu qeyd etmək istəyirəm ki, müsabiqə tam şəffaf şəkildə keçirilmiş və məqalələrə obyektiv qiymət verilmişdir. Hər buirinizə təşəkkür edirəm”.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə xüsusi mükafatlar təqdim olunub.
Aqil Bəkir
www.yenicag.az