Əfqanıstan-Pakistan münaqişəsi dərinləşir - digər ölkələrin MARAQLARI ÜZƏ ÇIXIR
“ABŞ, Rusiya, Çin və Hindistanın bu münaqişədə maraqları ola bilər”.
Bu sözləri Əfqanıstanla Pakistan arasında toqquşmalar, bunun tarixi səbəbləri və münaqişənin dərinləşmə ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O bildirib ki, Əfqanıstanla Pakistan arasında toqquşma dərinləşə bilər:
“Bugünkü Taliban hakimiyyəti hələ 1996-cı ildə Pakistanın hərbi kəşfiyyatının dəstəyi ilə Əfqanıstanda hakimiyyətə gəlib. Sovet qoşunlarının çıxmasından və kommunist rejimin süqutundan sonra Əfqanıstanda uzun müddət qeyri-sabitlik hökm sürüb. Pakistan bu sabitliyi təmin etmək üçün Talibanı önə çıxarıb və onu dəstəkləyib. 2001-ci ildəki xarici müdaxilədən sonra vəziyyət daha da pisləşib və 20 il davam edən qarşıdurmalar yaşanıb.
2021-ci ildə Taliban yenidən hakimiyyətə gəldi, amma dünya tərəfindən hələ tam tanınmayıb. ABŞ-ın təsiri ilə Əfqanıstanın beynəlxalq əlaqələri məhduddur. Ərazidə yalnız Taliban yox, həm də İŞİD, Əl-Qaidə kimi radikal qruplar mövcuddur”.
Hərbi ekspert qeyd edib ki, Pakistanla Əfqanıstan arasında münaqişələrin əsas səbəblərindən biri də Puştun qəbilələrinin yaşadığı sərhəd bölgələridir:
“Puştunların yaşadığı ərazilər tarixən bölünüb və bu səbəbdən sərhəd xətləri mübahisəlidir. Əfqanıstan bu ərazilərə nəzarət etmək və sərbəst ticarət aparmaq istəyir.
Hazırda Əfqanıstan Pakistan üçün ciddi problemə çevrilib. Əfqanıstanın daxilində olan müxtəlif silahlı dəstələr və qəbilə liderləri müstəqil hərəkət edirlər. Onlar silahlıdır və sərhəddə istənilən maneəyə qarşılıq verirlər.
Pakistanın hərbi gücü olmasına baxmayaraq, partizan müharibəsi üsulları ilə mübarizə aparan əfqan qüvvələri ona çətinlik yaradır. ABŞ, Rusiya, Çin və Hindistanın bu münaqişədə maraqları ola bilər. Xüsusilə Çin sabitliyin qorunmasında maraqlıdır, çünki Pakistan onunla sıx əməkdaşlıq edir.
Durand xətti boyunca hər iki tərəfdə eyni qəbilələr yaşayır, bu da onları bir-birinə daha yaxın edir və Pakistanın maraqlarına ziddir. Bu səbəbdən münaqişənin dərinləşməsi mümkündür”.
Səxavət Məmməd