“İcra başçısının 10 milyonlara manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir”.
Yenicag.az xəbər verir ki, bunu Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun timsalında məmurların qanunsuz yollarla varlanmasına münasibət bildirən iqtisadçı Rövşən Ağayev bildirib.
İqtisadçı vurğulayıb ki, Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında iki maraqlı detal diqqəti çəkir:
“Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus “Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmasına şübhələr yaranıb.
Əslində, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm. Əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakının mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz.
Əmlak reyestrində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçərək hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazmdır.
Bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq, müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər.
Digər vacib detal isə icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyəri ilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır. Hər halda, təcrübə göstərir ki, müəllimin bahalı mənzilləri və maşın kolleksiyası da olmamış deyil. Əks halda, Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar”.
Gülşən Şərif
www.yenicag.az