Xamenei ABŞ–İran memorandumuna icazə verdiyini açıqladı
İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.
Yenicag.az xəbər verir ki, Xamenei bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər”, – o bildirib.
O qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb: “Bu mərhələyə çatmaq yolunda məsul şəxslər çoxlu səy göstəriblər və əlbəttə ki, məhz ABŞ Prezidenti (Donald Tramp) çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarına əl atırdı”.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.












