“Əgər hansısa əcnəbi qanunlara zidd davranışa yol verərsə, o hərəkətlərə hüquq çərçivəsində qiymət verilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyevin Bakıya gələn ərəb turistləri “cəzalandırmaq çağırışı”na münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
Ötən gün Bakı metrosunda şortikli qızla bağlı yaranan qalmaqala əyalətdən də reaksiya verilib. Bu barədə danışan Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev diqqəti Bakıya gələn ərəb turistlərin hərəkətlərinə yönəldib:
“Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Turist adı ilə Bakıya gələn bəzi ərəblərin “Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər.
Qız uşağıdır da, indi şortik geyinib, gərək onu sözlə başa salasan. Daha onun üstünə hücum çəkmək nədir?”
Politoloq Elxan Şahinoğlu isə ölkədə turizmin inkişaf tendensiyasını önə çəkərək, Azərbaycana səfər edən əcnəbilərə qarşı əks çağırışların qəbuledilməz olduğunu deyib:
“Belə çağırışlar ziyanlıdır. Biz ölkədə turizmin inkişafına çalışırıqsa, o halda əcnəbiləri buradan qaçırtmaq əvəzinə, onların gəlişini stimullaşdırmalıyıq.
Bu sırada ərəblərin adının daha çox hallandırılması da yersiz və yolverilməzdir. Çünki bu, açıq-aşkar irqçiliyin təzahürüdür. Bəli, ərəb turistlərin bəzilərinin hərəkəti qıcıq doğura bilər. Ancaq dünyanın hər yerində turistlərin kaprizlərinə dözməyi lazım bilirlər.
Çünki turizm yetərincə gəlirli sahədir və əcnəbilər də getdikləri ölkələrdə əsasən otellərdə, restoranlarda, tarixi məkanlarda, əyləncə yerlərində pul xərcləyirlər. Bu da yerli əhalinin həmin sektorlarda işləyən təbəqəsinin gəlirlərinin artması deməkdir. Ona görə də ərəblərə, ya da başqa turistlərə bu cür yanaşma yolverilməzdir.
Ümumiyyətlə, özünü apara bilməyən əcnəbilərin qanunazidd hərəkətləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olmalıdırlar, belə çağırışlarla problemi həll etmək olmaz”.
A.Zeynalov
www.yenicag.az