"Ehtiyat hissələri 10 faiz bahalaşıb, artım davam edə bilər" – Ekspertdən XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil ehtiyat hissələri bazarında qiymət artımı dalğası müşahidə olunur. Son aylarda sürücülər xüsusilə gündəlik tələbat olan yağ, filtr, əyləc sistemləri və digər əsas detalların kəskin bahalaşmasından şikayətçidirlər. Bu artım həm fərdi avtomobil sahiblərini, həm də taksi və yükdaşıma sektoru ilə məşğul olan sahibkarları ciddi çətinliklə üz-üzə qoyub.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bazardakı bu mənzərə lokal deyil, birbaşa qlobal böhranın əks-sədasıdır:

“Ehtiyat hissələrinin qiymətində yüksəlmə var. Bu, əsasən dünya bazarında xammal qiymətlərinin artması və daşıma-logistika xərclərinin bahalaşması ilə bağlıdır. Proses təkcə Azərbaycanı əhatə etmir, ümumi dünya bazarında eyni tendensiya hökm sürür.Hazırda qiymətlər kəskin deyil, təxminən 5-10 faiz civarında yüksəlib”.
E.Cəfərov qeyd edib ki, Azərbaycanın ehtiyat hissələri bazarı demək olar ki, tamamilə idxaldan asılıdır. Bu da daxili bazarı xarici amillər qarşısında müdafiəsiz qoyur. Xüsusilə metal və plastik xammalın bahalaşması, beynəlxalq yükdaşımalardakı qiymət artımı birbaşa vitrinlərdəki etiketlərə təsir edir.
Ekspert gələcəklə bağlı proqnozlarında ehtiyatlı danışıb. O bildirib ki, əgər qlobal logistika bazarında sabitlik yaranmasa, yeni bahalaşma dalğası qaçılmazdır:
“Bu isə öz növbəsində avtomobillərin texniki xidmət xərclərinin yüksəlməsinə, nəticədə isə sərnişin və yükdaşıma tariflərinin artmasına gətirib çıxara bilər”.
Samir Məcidov













