“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Bakıda keçirilən “Caspian Air Cargo Summit 2017” VII Beynəlxalq konfransında çıxışı zamanı bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona (AİZ) yaradılacaq.
Görəsən, hava limanında Azad İqtisadi Zonanın yaradılması nə dərəcədə məntiqlidir və onun rentabelli olacağını gözləmək olarmı?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, hava limanında istehsalata hesablanmış AİZ-in yaradılması mümkün deyil:
“Hava limanlarında azad iqtisadi zonaların yaradılması o qədər də məntiqli deyil. Əslində, sözügedən ərazidə onsuz da daha az vergi və rüsum ödəyən ticarət obyektləri var. Məsələn, keçən əsrin sonlarında Dubay hava limanında ticarət mərkəzləri tikildi. Amma məsələ ondadır ki, azad iqtisadi zona anlayışı istehsalata hesablanmış bir konsepsiyadır.
Burada da məqsəd istehsal, ixracat potensialı və iş yerlərinin artmasına nail olmaqdan ibarətdir. Lakin istehsalata hesablanmış AİZ-in təhlükəsizlik nöqteyi-nəzərdən hava limanları ərazisində yaradılması doğru deyil. Olsa-olsa həmin ərazidə yenə də ticarət obyektləri açılacaq. Ticarət obyektlərinin olması isə AİZ-in məntiqinə uyğun deyil. Ona görə də aeroport ərazisində AİZ-in yaradılması məsələsinin nəyə hesablandığını açığı, bilmirəm. Ticarətə hesablanıbsa, hava limanı ərazisinə yaxın yerdə xaotik şəkildə formalaşan bazar onsuz da əvvəl mövcud idi. Lakin onu təhlükəsizlik baxımından şəhərin digər ərazisinə köçürdülər. Belə olan halda yenidən həmin ərazidə ticarət obyektlərinin açılmasına rəvac verəcək Azad İqtisadi Zonaların yaradılması real deyil, demək Cahangir Əsgərovun bu fikri heç bir məntiqə sığmır”.
ELÇİN
www.yenicag.az