Ekspertdən xəbərdarlıq: “Kənd təsərrüfatında istehsal azalır, qiymətlər qalxacaq"

media-hightechnic-468x90

Bostan məhsullarının qiymətində artım və əkin sahələrinə marağın azalması son dövrlərdə daha çox müzakirə olunur.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, mövcud vəziyyətin əsas səbəbi fermerlərin artan xərclərlə üzləşməsi və yetərli dəstək görməməsidir.

Onun sözlərinə görə, istənilən sahə gəlirli olarsa, kəndli və fermer həmin işlə mütləq məşğul olacaq:

“İstənilən sahə əgər gəlirlidirsə, əgər kəndliyə, fermerə qazanc verirsə, o, bütün problemləri özü həll edəcək və o işlə mütləq məşğul olacaq. Deməli, burada problem nədədir? Son bir neçə ildə dizel yanacağının qiyməti dəfələrlə artıb. 2021-ci ildə, 2024-cü ildə, həmçinin keçən ilin sonunda… Bu, istehsalçılarımızın daşınma xərclərini ciddi şəkildə artırıb”.

Ekspert bildirib ki, son illərdə digər əsas xərclər də kəskin yüksəlib:

“Son bir neçə ildə gübrənin qiyməti dəfələrlə artıb. Elə gübrə var ki, qiyməti iki-üç dəfə yüksəlib. Sonra pestisidlərin, həmçinin bostan məhsullarının toxumunun qiyməti dəfələrlə artıb. Bu kəndli nə etsin? İstehsal prosesi zamanı bəzi məmurların müdaxiləsi də müşahidə olunur: kimisi məhsul payı götürür, kimisi isə müxtəlif yollarla ödəniş tələb edir. Bu kimi halların davam etməsi kəndliləri çətin vəziyyətə salır və nəticədə bir çoxu istehsaldan imtina etmək məcburiyyətində qalır”.

Vahid Məhərrəmovun fikrincə, bu vəziyyət ölkənin idxaldan asılılığını artırır:

“Belə olan halda biz daha çox xaricdən məhsul idxal etməyə məcbur olacağıq. Bu isə o deməkdir ki, ölkədən daha çox valyuta çıxacaq. Məhsulları Türkmənistandan, Özbəkistandan, eləcə də Rusiyanın Həştərxan vilayətindən idxal edəcəyik”.

Ekspert dövlət qurumlarının yanaşmasını da tənqid edib:

“Hökumət bu məsələlər üzərində ciddi düşünməlidir. Kənd Təsərrüfatı naziri və digər məsul şəxslər tez-tez kəndlilərlə görüşlər keçirir və bunu sosial şəbəkələrdə geniş şəkildə reklam edirlər. Halbuki bu görüşlər reklam məqsədi daşımamalıdır. Əsas məqsəd kəndliləri dinləmək, onların problemlərini araşdırmaq və həlli istiqamətində real addımlar atmaqdır. Təəssüf ki, bir çox hallarda məmurlar öz vəzifə funksiyalarının mahiyyətini düzgün dərk etmir və üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər”.

O, su probleminin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Kəndli faktiki olaraq öz taleyinə buraxılıb. Su problemi mövcuddur və bu, xüsusilə bostan məhsulları üçün həyati əhəmiyyət daşıyır. Bu bitkilər suya çox tələbatlıdır. Lakin müşahidə edirik ki, su əvvəlcə digər sahələrə verilir, sonda isə ‘qalıbsa’ prinsipi ilə kəndlilərə təklif olunur. Bu, açıq-aşkar ədalətsizlikdir. Bütün sahələr su ilə davamlı və planlı şəkildə təmin edilməlidir. Növbəlilik mümkündür, lakin bu, ədalətli şəkildə təşkil olunmalıdır”.

Ekspert əlavə edib ki, fermerlərin problemləri kifayət qədər ciddi olsa da, bu məsələlər geniş müzakirə edilmir. Onun sözlərinə görə, mövcud vəziyyət əkinə marağın azalmasına gətirib çıxarır:

“Əkinə marağın azalması gələcəkdə məhsul istehsalının aşağı düşməsi deməkdir. Bu isə bazarda məhsul qıtlığına və nəticə etibarilə qiymətlərin artmasına səbəb olacaq”.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05