Dünən Bakı şəhəri Venesiyaya dönmüşdü. Çatışmayan bir tək küçələrdə qayıqlar idi.
Küçələrlə sel gedir, maşın və avtobuslar suyun içində üzürdü. Bu gün şəhərin bir çox yerlərində mağaza və digər obyektlər mallarını küçəyə töküb qurudur, məhv olmuş mallar zibillik üçün seçilirdi. Hələ bəxtimiz onda gətirib ki, bu yağış iş günü yağmayıb.
Deyir, izahsız şeylərin mizahı olar. Yağış yağdı, şəhər suya batdı, dedik, güldük, əyləndik. Əyləncənin dozası gedəndən sonra birdən ağlımıza gəldi ki, bu şəhərin kanalizasiyası niyə işləmir?
Bu sualı təkcə insanlar yox, elə Bakı Şəhər İcra Hakimiyyəti də verdi. Konkret ünvana – “Azərsu”ya. Meriya şəhərin su altında qalmasında konkret olaraq “Azərsu”nu günahkar görür:
“Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir”.
Meriyadan verilən açıqlama istər-istəməz keçmiş Bakı meri Hacıbala Abutalıbovu yada salır. Hacıbala Abutalıbov ötən il yağışın fəsadlarının aradan qaldırılması zamanı jurnalistlərə “ilişərək” “Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”, demişdi. Hacıbalasız Bakı meriyasının açıqlaması daha dəqiq və birbaşa hədəf göstərərək verilib.
Azərbaycanda son zamanlar baş verən hadisələrə nəzər yetirdikdə insan, görülən, daha doğrusu görülməyən işlər yox, təbiət günahkar çıxardılır. Məsələn, bütün ölkənin qaranlığa qərq olmasına səbəb olan Mingəçevir hadisəsi zamanı da “Azərenerji” günəşi günahkar çıxarmışdı.
Azərbaycanda təbiət anaya ən çox şər atan qurum heç şübhəsiz “Azərsu”dur.
Şəhərdə içməli su bulanıq gəlir, günahkar təbiət olur, su təmizlənmir günahkar təbiət olur. Qurumdan təbiəti günahkar çıxaracaq saysız-hesabsız açıqlamalar verildiyini görə bilərik. Bunlardan ən sonuncusunu sizə təqdim edirik:
“Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.
Dünən şəhərin su altında qalmasında da birbaşa təbiət günahkar çıxarıldı. Qurumdan verilən açıqlama belədir:
“Biz üzərimizə düşün öhdəlikləri tam yerinə yetirmişik. Dünənki subasmanın bir səbəbi var idi, o da yağıntıların qısa müddətdə çox olması”.
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı prezidentin sərəcamları ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla vəsait ayrılıb. Hətta 11 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam da imzalayıb.
Ayrılan pullara baxmayaraq, Bakı şəhəri yenə də yağış qarşısında aciz qaldı.
Maraqlıdır ki, prezidentin Bakı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamların adları “Azərsu”nun rəsmi saytında yerləşdirilsə də, ancaq həmin xəbərləri açmaq mümkün olmur.
Fotofakt:
Əgər hər şeyə səbəb təbiətdirsə, bu qurumlar nəyə lazımdır?
Səxavət Məmməd
www.yenicag.az