Eldar Əzizovun qudası DAYANMAQ BİLMİR: Aqil Tağıyevin ucbatından vətəndaş mənzilinə BELƏ GİRİR – FOTO/VİDEO
Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisovanın şikayətini bir neçə gün öncə işıqlandırmışdıq. Ölkə mediası bu xəbəri diqqətdə saxlasa da, nədənsə məmurlar problemi aradan qaldırmaq niyyətində deyillər.
Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova ona məxsus mülkünün əlindən alınmaq alınmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd etmişdi. Bu gün əməkdaşımız Ruzana İdrisovaya məxsus mülkdə olub.
Şikayətçi bildirib ki, hər gün öz mülkünə girib çıxmaq üçün pəncərədən istifadə edirlər.
“Artıq hər kəsə məlumdur ki,Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyevin təhdidləri ilə üz-üzəyik. Bizim mülkümüzün qapısı məhz Aqil Tağıyevin göstərişi ilə bağlanıb. Yaşadığımız bu bina tarixi əhəmiyyətli və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur. Bu bina 1909-cu ildə inşa edilib. Amma bu xidmət nədənsə binanı qorumayıb və Aqil Tağıyev yüksək vəzifəli qohumlarının, ən əsası isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və oğlanlarının gücünə və vəzifəsinə arxalanaraq bu tarixi binanın əsas giriş qapısından girişini bağlayıb. Biz öz evimizə dediyim kimi pəncərədən giririk. Bizi binanın blokunda olan bütün mənzilləri Aqil Tağıyev alıb. Yalnız bizim ev qalıb. Bizi təhdid edir ki, bu evi hansı yolla olur, olsun sizin əlinizdən alacayıq. Aqil Tağıyev hətta blokun qapısını dəyişib və yalnız özü və ailə üzvlərinin bildiyi kodla binaya girib çıxırlar. Bir sözlə mənim və ailə üzvlərimin həyatı təhlükədədir. ” – deyə Ruzana İdrisova bildirib.
Ruzana İdrisova bildirir ki, bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, nə də Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi rayon İcra Hakimiyyəti onların problemləri ilə maraqlanmır:
“Biz qapını sökməyə və öz evimizə daxil olmağa çalışan kimi bütün dövlət orqanları Aqil Tağıyevin himayəçisinə çevrilir. Artıq bu cür yaşamaqdan bezmişəm. Mən Rusiya vətəndaşı olsam da Azərbaycanda yaşayıram. Azərbaycan mənim vətənimdir. Buranı sevirəm və Azərbaycana sadiqəm. Mən Azərbaycan prezidenti cənab İlham Əliyevdən, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bizi dövlətin qanunlarını ayaqlar altına atan, öz qohum əqrabalarına görə vətəndaşın hüquqlarını pozan məmurların əlindən qurtarın. Son ümid yerimiz sizsiniz”, – deyə Ruzana İdrisova bildirib.
İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Demokrat.az