Bu gün “Milli yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin təsisçisi mərhum Şahin Ağabəylinin doğum günüdür.
O, 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Bakı-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasında dünyasını dəyişib. Yaşasaydı 42 yaşı olacaqdı. O, çox qısa, amma əsl kişi ömrü yaşadı. Və bu gün də dostları Şahin Ağabəylini böyük hörmətlə yad edirlər.
“Milliyol.az” saytının baş redaktoru Pərvin Kazımoğlunun Yeniçağ.az saytına dediyinə görə, Şahin Ağabəyli haqqında danışmaq həmişə çətin olub:
“Onun ölümünü qəbul etmək bütün dostları kimi mənim üçün də ağırdır. Şahin çox dəyərli şəxsiyyət idi. İnsanlara etimad göstərməyi, inanmağı, şans verməyi bacarırdı. Heç bir həyat, iş təcrübəsi olmayan 18 yaşlı gəncə ölkənin ən böyük, ən radikal qəzetlərindən birini əmanət edə biləcək qədər cəsarətin sahibi idi. Heç nədən çəkinməzdi, təhlükənin üzərinə getməyi bacarırdı. Həbs olunacağını bildiyi halda çağrıldığı yerə getdi və həbs olundu. Özündən əvvəl dostlarını, ailəsini düşünürdü. Çox təəssüf ki, belə bir dəyərli insanı itirdik”.
“Poliqon” İnformasiya Agentliyinin rəhbəri və Şahin Ağabəylinin qardaşı Azər Qaramanlı mərhum jurnalisti bir dost olaraq xarakterizə edib. Onun sözlərinə görə, Şahin Ağabəylinin digər media rəhbərlərindən fərqi öz əməkdaşlarına tam sərbəstlik verməsi idi:
“Yaradıcı insanın qarşısını heç vaxt almırdı, senzura tətbiq etmirdi. Deməzdi ki, nəyi isə yazmaq olmaz. Tam azadlıq verirdi müxbirlərə. Onun rəhbəlik etdiyi “Milli yol” qəzetində tam azadlıq vardı. Hətta bu qəzetdə fikirləri bir-birinə zidd olan insanların mövqeləri yer alıb. Şahin özü millətçi olsa da, qəzetində liberallara daha çox yer ayırırdı. Burada onlara hansısa qadağalar qoymurdu. O, siyasi baxımdan razılaşmadığı insanlara da qəzetində tribuna verirdi. Bu, onun söz azadlığına verdiyi qiymət idi. 2003-cü ildən üzü bu yana “Milli yol” qəzeti demokratik mətbu orqan kimi fəaliyyət göstərdi. Zamanla çox şeylər tənəzzülə uğradı və biz o dönəmlərə qibtə ilə baxdıq. Şahin sona qədər söz azadlığını qoruyub saxladı və onun Azərbaycan mətbuatındakı bənzərsizliyi bundan ibarət idi”.
Lent.az saytının redaktoru Anar Gəraylı isə Şahin Ağabəyli ilə çox az bir müddət çalışıb, amma xatirələr sonsuzdur:
“Şahin mənim qısa müddətdə qazandığım qardaşım idi. Bizim rəhbər-işçi münasibətlərimiz az bir zaman ərzində dost-qardaş bağlılığına çevrildi. Çünki o, insanlarla münasibət qurmağı bacarırdı. Son bir ildə axırıncı qəpiyimizi, əziz tikəmizi birlikdə bölüşdük. Şahinin itkisi çox ağırdır.
Şahin təkcə öz dostlarının, ailəsinin itkisi deyildi. O, Azərbaycan mətbuatının da ağır itkisi idi. Şahinin rəhbərlik etdiyi mətbuat orqanları həmişə kifayət qədər cəsarətli, sözünü deməkdən çəkinməyən və istedadlı yazarların evi olub. Həmin adamlardan da soruşsanız, bu gün Şahin kimi dəlisov bir adamın yoxluğunu hiss etdiklərini deyəcəklər. Şahin qısa ömrünə çox uğur, çox dost sığdırmağı bacaran insan idi. O, evdən gedən yox, eldən gedən oğul idi”.
BƏXTİYAR
Yeniçağ.Az
www.yenicag.az