“Elə 70 yaşlı alimlər var ki…”

media-hightechnic-468x90

11012218_10204632082875550_2010907758_nMilli Məclis nəhayət ki, “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarıb. Uzun sürən müzakirələrdən sonra qanun layihəsi konseptual olaraq birinci oxunuşda qəbul olunub.

Azərbaycan MEA Fizika İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Әliyev Yenicag.az-a qanun layihəsini geniş şəkildə belə şərh etdi: ” “Elm haqqında” qanunun qəbulu ilə hər şeyin həll ediləcəyini də düşünmək olmaz. Hətta gələcək illərdə Qanunda müşahidə olunan boşluqlar da olacaq. Lakin əsas məsələ bu qanunun qəbul olunmasıdır ki, bu da gündəmə gətirilib. Məni bir alim kimi daha çox sevindirən, qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycan qanunvericiliyində qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsidir. Bu fəaliyyət nəticəsində alimlərin və mütəxəssislərin maddi rifah halı indikindən daha yüksək olacaq. Bundan başqa, Azərbaycanda özəl elmi müəssisələrin yaradılması məsələsinin də qanunda təsbit olunması müsbət hal kimi qəbul edilməlidir. Amma fikrimcə, bu özəl elmi mərkəzlərin hansı formadasa Azərbaycan Milli Elmlər Akademiyasına tabeçilik bağlılığının olması vacibdir. Əlbəttə ki, bu elmi mərkəzlər bazar iqtisadiyyatının tələb və təklif prinsipləri əsasında yaradılacağından burada sağlam elmi rəqabət və fundamental elmi nəticələr əldə ediləcək. Hətta “Elm haqqında” qanunda ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusunun verilməsiilə yaradılacaq özəl mərkəzlər üçün kadr potensialının hazırlanması işi nəzərdə tutulur. Bu kadrlar isə universiteti bitirdikdən sonra özəl elmi mərkəzlərə işə qəbul olunacaq və bir müddətdən sonra mərkəzin maddi imkanları hesabına xarici elmi-tədqiqat mərkəzlərində təcrübə mübadiləsinə göndərilərək daha mükəmməl kadr kimi geri dönəcək. Nəticədə Azərbaycan alimlərinin tədqiqatları dünya elmi mərkəzlərinin diqqət mərkəzində olacaq və qarşılıqlı elmi-tədqiqat işləri həyata keçiriləcək. Qanun layihəsində göstərilir ki, gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaq üçün güzəştli kreditlər və torpaq sahələrinin ayrılması təklif olunur. Bu məsələ həmişə aktual və həlli çox çətin olan bir problem kimi gənc alim və mütəxəssislərin qarşısında ciddi bir maneə kimi dayanırdı. Çünki mənzil problemi ilə üzləşən gənc alim bu problemin həlli istiqamətində var qüvvəsi ilə çalışdıqda son anda ya elmdən uzaqlaşmaya, ya da zəif elmi nəticələrə nail olur. Buna görə də onun doktoranturaya daxil olub elmi-tədqiqat işləri aparmaq həvəsi və marağı zəifləyir. Beləliklə, bu sosial problem gələcəyin məhsuldar alimini, mütəxəssisini özünü təsdiq etmədən udmuş olur. Burada bir-iki məsələ ilə bağlı iradlarımı bildirmək istərdim. İlk olaraq onu deyim ki, qanun layihəsində göstərilən dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən edilməsi məsələsinə xüsusi diqqət edilməlidir. Elə 70 yaşlı alimlər var ki, gənclərə ciddi dəstək olurlar. Digər məsələ də, Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsidir. Mən bir alim kimi, həmçinin Silahlı Qüvvələrin ehtiyatda olan zabiti kimi, bu məsələnin qismən əleyhinəyəm. Nəzərə almalıyıq ki, Azərbaycan xalqı müharibə şəraitində yaşayır. Regionda da həlli mümkün olmayan gərgin problemlər mövcuddur. Ukrayna hadisələri isə açıq aydın göstərdi ki, ölkənin hər bir vətəndaşı müharibəyə hazır olmalıdır. Bunun üçün kişi cinsindən olan magistrlərin, doktorantların hərbi xidmət keçməsini vacib sayıram. Bəzən bunu hərbi xidmətə gedən gəncin elmdən, təhsildən uzaq düşməsi ilə əlaqələndirirlər. Məncə, bu kökündən yanlışdır. Burada əsas məsələ odur ki, “Elm haqqında” qanunda stimullaşdırma, maddi, sosial təminat maraqları da öz əksini tapmalıdır. Belə olduqda elmə marağı olan gəncin hərbi xidmətdən qayıtdıqdan sonra da başqa bir sahəyə getməyə marağı olmaz. Bir də ki, alim cəfakeş, millətsevər, vətənsevər olmalır. Ölkəmizin təhlükəsizliyi baxımından hərbi xidmət, hərbi bilik mütləq lazımdır. Bu qanun layihəsində, həmçinin elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqlarınınhesablanma mexanizmi və peşə xüsusiyyətlərinin də nəzərə alınması kimi digər vacib məsələlər də öz əksini tapmışdır. 8 fəsil və 47 maddədən ibarət bu qanun layihəsinin qəbul edilməsini səbrsizliklə gözlyən minlərlə həmkarım kimi mən də ümidli və inamlıyam ki, bu qanunun qəbulu ilə alimlərimiz, elmimiz, xalqımız və təbii ki, Böyük Azərbaycanımız qazanacaq”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600