Əli Əhmədov girovlarla bağlı açıqlama verdi
“Güman edirəm ki, beynəlxalq qurumlar qaldırılan cinayət işi ilə əlaqədar ədalətli qərar qəbul edə biləcəklər”.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev, qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciət və H.Həsənovun qətlə yetirilməsi ilə bağlı qaldırdığı cinayət işinə münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycan əraziləri 20 ildən çox işğal altındadır. Lakin BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, ermənilər işğal etdiyi Azərbaycan ərazilərinindən çıxmırlar. “Buna görə də beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud ədalətli qərar qəbul edərlərsə belə, həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb”.
Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək. “Bu prosesin özü Ermənistanın nə dərəcədə təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.