“Dövlət başçısı da ona edilmiş məruzələr əsasında yeni qərar və tapşırıqlarını verir”.
Bu fikirləri prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında aprelin 4-də imzaladığı Sərəncam əsasında Nazirlər Kabinetinə tapşırılmış vəzifələrin necə icra olunacağına münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizəyə çoxdan başlanılıb və proses gedir:
“Bu kimi sənədlər mütəmadi qəbul edilir və haqqında danışdığımız proqram da korrupsiyaya qarşı mübarizə ilə bağlı növbəti sənəddir. Təbii ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar hökumətə tapşırılmış işlərin icrasına dair cənab prezidentə müntəzəm məruzə edilir.
Dövlət başçısı da ona edilmiş məruzələr əsasında yeni qərar və tapşırıqlarını verir. Yəni Azərbaycanda korrupsiya ilə mübarizəyə çoxdan başlanılıb və proses gedir. Ümumiyyətlə, istər demokratik dövlətlər olsun, istərsə də qeyri-demokratik – bu gün korrupsiya bütün dünyanın bəlasıdır, korrupsiya halları kifayət qədər çoxdur. Onun da qarşısını almaq üçün belə tədbirlər planı hər zaman işlənib hazırlanır”.
Bununla belə, Vahid Əhmədov sözügedən sənədə uyğun olaraq Nazirlər Kabinetinin yerinə yetirməli olduğu vəzifələrin öhdəsindən necə gələcəyi haqda sualı cavablandırmaq istəmədi.
Xatırladaq ki, o, Milli Məclisin dünən keçirilmiş plenar iclasında Baş nazirin, onun müavinlərinin, digər nazirlərin Qubada, Qusarda, Xaçmazda villalarının olduğunu bildirmişdi.
A.Zeynalov
www.yenicag.az