Əli Əsədov: "Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq"

media-hightechnic-468x90

“Azərbaycan və Türkiyə arasında investisiya və nəqliyyat əməkdaşlığı genişlənir”.

Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.

Baş nazirin sözlərinə görə, hazırda 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə ümumilikdə 50-yə yaxın layihə icra edir. Bu layihələrin ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edir.

Əli Əsədov qeyd edib ki, ölkənin xüsusi iqtisadi zonalarında biznes fəaliyyəti üçün hərtərəfli əlverişli şərait yaradılıb. O, investorlar üçün cəlbedici imkanlar təqdim edən Ələt Azad İqtisadi Zonasını xüsusi vurğulayıb və artıq bir sıra Türkiyə şirkətlərinin burada fəaliyyət göstərdiyini bildirib. Baş nazir bu zonalarda investisiya əməkdaşlığı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək Türkiyə şirkətlərini daha fəal olmağa çağırıb.

Çıxışda Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi qlobal layihələrin ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı da vurğulanıb. Əli Əsədov Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını, bu dəhlizin təkcə region üçün deyil, qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynadığını deyib.

O bildirib ki, ticarətin asanlaşdırılması üzrə aparılan islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır və bu həm ölkələrin, həm də regionun yükdaşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.

Baş nazir həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvanla birləşdirilməsi ilə bağlı avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmaların tarixi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq və Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

Əli Əsədov Bakı–Tbilisi–Qars dəmir yolunun 2024-cü ildə illik yükburaxma qabiliyyətinin 5 milyon tona çatdırılmasını və cari ildə Qars–Naxçıvan dəmir yolu xəttinin təməlinin qoyulmasını da mühüm hadisələr kimi dəyərləndirib.

Baş nazir qeyd edib ki, bu layihələr həm Azərbaycan və Türkiyə, həm də regionun digər ölkələri üçün strateji əhəmiyyət daşıyır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa