“Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, bununla yanaşı, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: “Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir”.
Ə.Həsənov qeyd edib ki, hazırda dövlətlərarası əlaqələr müəyyən platformada həyata keçirilir: “Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir. Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik”.
Prezident köməkçisi xatırladıb ki, 4 il öncə Astana görüşündə televiziya sahəsində vahid platformanın yaradılması və bunun inkişaf etdirilməsi müzakirə olunub: “Təəssüflər olsun ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb”.
“Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın”,- Ə.Həsənov vurğulayıb.
www.yenicag.az