!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənovun daha bir nəvəsi ilə bağlı qalmaqal - Video

!Reklam – Yazi

Sumqayıtda “yaşıl soyqırım” törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. “Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.

Qəzet əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.

Adıçəkilən binaların sakinləri bildiriblər ki, onlar uşaqlıqdan bu parkın ərazisində yaşayıblar: “Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.

O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib.

Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirdi: “Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.

Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: “Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.

Xatırladaq ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.

Qəzet yazır ki, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

COP29

www.yenicag.az

5159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv